2027-ci ilə qədər ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar səbəbindən dünya iqtisadiyyatı böhranaqədərki ssenariyə nisbətən 2 trilyon dollar itirə bilər, lakin uzunmüddətli perspektivdə zərərin bir hissəsi istehsal zəncirlərinin yenidən qurulması ilə kompensasiya ediləcək.
Bakıvaxtı.az RBK-ya istinadən xəbər verir ki, bu qiymətləndirməni "Bloomberg Economics" aparıb.
"Nəticədə rüsumlar hər kəsin qorxduğu qədər yüksək olmaya bilər. Lakin mahiyyətcə bu, qlobal ticarət mexanizmlərini çirkləndirən bir vergidir", - Oxford Economics-in aparıcı iqtisadçısı Daniel Harenberg hesab edir.
O, həmçinin qeyd edib ki, belə siyasət investisiyalara zərər verir.
"Bloomberg" yazır ki, ABŞ-da rüsumların səviyyəsi hazırda 1930-cu illərdən etibarən ən yüksək həddədir və Trampın prezidentlik müddətinin əvvəlində olan göstəricidən, demək olar ki, 6 dəfə çoxdur. Agentliyin iqtisadçıları ABŞ-ın orta rüsumunu keçən ildəki 2,5%-ə qarşı 13,5% olaraq qiymətləndirirlər. Aİ ilə rüsumlar haqqında saziş bağlandıqdan sonra göstərici 16%-ə qədər artacaq.
Bəzi ölkələr və birliklər rüsumlarla bağlı sazişlərin bağlanmasına nail ola biliblər. Ötən gün ABŞ Aİ ilə ticarət sazişi imzaladığını elan edib. Bu, Avropa məhsulları üçün 30% əvəzinə 15% baza tarifinin müəyyən edilməsini nəzərdə tutur, eyni zamanda Brüssel ABŞ-a 600 milyard dollar investisiya qoymalı və onlardan 750 milyard dollarlıq enerji daşıyıcıları almalıdır.