“Qardaş bacısının başını kəsdi”, “Oğul atasını öldürdü, anasını yaraladı”... Təəssüf ki, son zamanlar ailədaxili qətllərlə bağlı belə xəbərlərə daha tez-tez rast gəlirik.
Bu cinayətlərin törədilmə səbəbləri müxtəlif olsa da, heç bir səbəb bir insanın başqasının canına qıymasına haqq qazandıra bilməz. Cəmiyyət olaraq da buna “Ailə işləridir”, “Şəxsi məsələləridir” deyib biganə qalmamalıyıq.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, son dövrlər cəmiyyətdə narahatlıq doğuran hadisələrdən biri də ailədaxili qətllərin, xüsusilə övladların valideynlərinə qarşı törətdiyi ağır cinayətlərin artmasıdır.
E.Rüstəmovun sözlərinə görə, bu, sadəcə cinayət statistikası deyil, psixososial böhranın əlamətidir.
Psixoloq qeyd edib ki, hadisələrə səthi yanaşmaqla, yəni yalnız “cinayət faktı” kimi təqdim etməklə problemin köklərinə enə bilmək olmur. Müsahibimiz nəzərə çatdırıb ki, bu tip zorakılıqların arxasında illərlə formalaşan, lakin çox vaxt görünməyən psixoloji, ailəvi faktorlar dayanır:
“Qeyd edim ki, uşaq yaşlarından bəri davam edən fiziki və emosional zorakılıq, laqeydlik, alçaldılma və ya həddindən artıq nəzarət fərdin şəxsiyyətinin pozulmasına və aqressiyanın yığılıb partlayış formasında ortaya çıxmasına səbəb ola bilər. Bu tip insanlar uzun müddət susar, səbr edər, lakin nəhayət, “valideynə qarşı cinayət” kimi faciəvi bir nöqtəyə çata bilərlər”.
Onun sözlərinə görə. digər tərəfdən şəxsiyyət pozuntuları, impuls nəzarətinin zəifliyi, emosional qeyri-sabitlik, eləcə də paranoid və psixotik epizodlar valideynin bir “təhlükə”, “təzyiq mənbəyi” və ya “maneə” kimi qəbul edilməsinə gətirib çıxarır. Rüstəmov qeyd edib ki, bu hallarda şəxs reallıqdan qoparaq, valideyni hədəf kimi görə və onu ortadan qaldırmağa yönəlmiş davranış göstərə bilər:
“Bir çox ailədə övladla dialoq aparmaq, onu dinləmək, fikirlərinə hörmət göstərmək, müstəqil fərd kimi qəbul etmək əvəzinə, itaət tələb olunur. Tənqid, müqayisə, emosional təzyiq və ya “qurban valideyn obrazı” ailədaxili münasibətləri zəhərləyir. Nəticədə, övlad öz daxili narazılığını ifadə edə bilmədikcə, onu yığıb illər sonra aqressiv, dağıdıcı şəkildə üzə çıxarır”.
Psixoloq onu da vurğulayıb ki, xüsusilə oğlan övladlarında “uğursuzluq qorxusu”, cəmiyyətin onlardan gözlədiyi “güclü kişi” obrazına uyğunlaşa bilməmək, maddi asılılıq və ya valideynin övlad həyatına həddən artıq müdaxilə etməsi kişi kimliyində dərin bir böhrana səbəb ola bilər. Bu böhran nəticəsində isə kişi özünü sübut etmək və “nəzarəti bərpa etmək” üçün zorakı üsullara əl ata bilər.
Elnur Rüstəmov: Bir çox ailədə övladı müstəqil fərd kimi qəbul etmək əvəzinə, itaət tələb olunur
E.Rüstəmov cəmiyyətimizdə ailədaxili zorakılığın çox zaman şəxsi məsələ kimi qəbul edildiyini bildirib. Dediyinə görə, ailədə davam edən psixoloji təzyiqlər, emosional partlayışlar, intihara və ya aqressiv davranışlara meyillər çox vaxt “bir az əsəbi uşaqdır” kimi izah edilir və lazımi müdaxilə olunmur:
“Halbuki bu hallar gələcəkdə potensial fəlakətlərin xəbərçisidir. Bu hadisələr sadəcə bir şəxsin “xasiyyətsizliyi” və ya “qəzəbi” ilə izah edilə bilməz. Burada həm psixoloji, həm ailəvi, həm də sosial sistem problemi var. Bu səbəbdən də, yanaşma sistemli olmalıdır”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, məktəblərdə və ailələrdə emosional tərbiyə və psixoloji maarifləndirmə gücləndirilməlidir:
“Riskli şəxslər psixoloji qiymətləndirməyə cəlb olunmalı, profilaktik psixoterapevtik dəstək verilməlidir. Ailədaxili zorakılıq hallarına hüquqi və sosial müdaxilə mexanizmləri təkmilləşdirilməlidir. Cəmiyyətdə “zəiflik” anlayışı ilə mübarizə aparılıb, yardım istəmək mədəniyyəti təşviq olunmalıdır. Bu tip hadisələr tək bir ailənin deyil, bütün cəmiyyətin problemidir”.
Elnur Rüstəmov vurğulayıb ki, cinayət xəbərindən öncə susan, görməzdən gələn, maarifləndirməyə önəm verməyən bir sistem varsa cinayət bir nəticə olaraq gec-tez ortaya çıxacaq:
“Elə buna görə də psixoloji müdaxilə gecikmədən və ciddiyyətlə aparılmalıdır”.
Mina Mikayılova