• Bakı 26° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

İqtisadi körpü: ABŞ və Avropanın uzunmüddətli razılaşması hara aparır?

İQTİSADİYYAT

28 Iyul 2025 | 12:30

İqtisadi körpü: ABŞ və Avropanın uzunmüddətli razılaşması hara aparır?

Son illərdə ABŞ-nin tətbiq etdiyi yüksək rüsum siyasəti dünya iqtisadiyyatında ciddi narahatlıqlar yaradır.

Xüsusilə Donald Trampın rüsumların səviyyəsinin 1930-cu illərdən bəri ən yüksək həddə çatdırması qlobal ticarət mexanizmlərinə mənfi təsir göstərib və qlobal iqtisadi artımın yavaşlamasına səbəb olur.

“Bloomberg Economics”in qiymətləndirməsinə görə, 2027-ci ilə qədər bu rüsumlar nəticəsində dünya iqtisadiyyatı böhranaqədərki ssenariyə nisbətən təxminən 2 trilyon dollar itirə bilər. Lakin uzunmüddətli perspektivdə istehsal zəncirlərinin yenidən qurulması ilə zərərin bir hissəsinin kompensasiya olunacağı ehtimal edilir.

Bu mürəkkəb iqtisadi şəraitdə ABŞ və Avropa İttifaqı arasında əldə olunan ticarət sazişi diqqət çəkir. Yeni razılaşmaya əsasən, Avropa məhsullarına tətbiq olunan baza rüsumu 30% səviyyəsindən 15%-ə endirilib, həmçinin Avropa ABŞ-yə 600 milyard dollar investisiya qoymaq və 750 milyard dollar dəyərində enerji daşıyıcıları almaq öhdəliyini üzərinə götürüb. Bu addım həm rüsumların yüngülləşdirilməsinə, həm də tərəflər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə xidmət edir, dünya iqtisadiyyatının sabitliyi və artımı üçün müsbət siqnallar verir.

ABŞ və Avropa İttifaqı arasında bağlanan ticarət sazişi dünya iqtisadiyyatına hansı təsirləri göstərir və rüsumların azaldılması qlobal ticarət mühitində nə kimi dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, ABŞ ilə Avropa arasında ticarət danışıqlarının bəlli şərtləri çərçivəsində razılaşdırılması dünya iqtisadiyyatında mühüm hadisə kimi dəyərləndirilir. Dünən elan edilən razılaşmaya əsasən, Avropa ABŞ-dən 750 milyard dollar dəyərində enerji almağı və 600 milyard dollar dəyərində investisiya qoymağı öhdəsinə götürüb. Bütün bu öhdəliklər bir tərəfli xarakter daşıyır:

"Avropa 15 faizlik rüsum tətbiq etməyi razılaşdırıb, halbuki əvvəl 30 faiz elan olunmuşdu və iyunun əvvəlində 50 faizə qaldırılacağı bildirilmişdi. İndi isə 15 faiz üzərində razılaşma əldə edilib və bu, sevinclə qarşılanır".

Xalid Kərimli, iqtisadçı-ekspert

İqtisadçı-ekspertin sözlərinə görə, müsahibədə bildirilib ki, Avropa ABŞ-dən daha çox silah alacaq. Məbləğ açıqlanmasa da, alımların artacağı bildirilib:

"Əgər razılaşma olmasaydı və 50 faizlik rüsum tətbiq edilsəydi, bu, dünya iqtisadiyyatına daha çox mənfi təsir göstərərdi. 15 faizlik rüsumun tətbiqi də müəyyən təsirlər yaradır, lakin bu təsirlər qeyri-müəyyən iqtisadi müharibələrlə müqayisədə daha azdır və qarşılıqlı xarakter daşımır. Avropa ABŞ-yə rüsum tətbiq etmir, əksinə, ABŞ bu şərtlərlə Avropanı razı salmağa müvəffəq olub – təhdid və şantaj yolu ilə".

Onun sözlərinə görə, razılaşmanın mövcudluğu müsbət qarşılanır. Əgər razılaşmalar baş tutmasaydı, ABŞ-Çin, ABŞ-Yaponiya, ABŞ-Böyük Britaniya və ABŞ-Avropa arasındakı gərginlik neft qiymətlərinə mənfi təsir göstərə bilərdi. Mövcud razılaşmalar neft qiymətlərinin kəskin ucuzlaşmasının qarşısını alır. Hal-hazırda 6 faiz artım müşahidə olunur:

"Əks halda, qiymətlər kəskin şəkildə enə bilərdi. Bu səbəbdən ABŞ və Avropa arasında razılaşma qlobal iqtisadi artımın davam edəcəyinə dair pozitiv gözləntiləri artırır".

Əli Hüseynov


SON XƏBƏRLƏR