Son günlərin ən aktual mövzusu, demək olar, bütün sahələrdə qiymətlərin və rüsumların artmasıdır. Belə ki, ard-arda artan qiymətlər əhali arasında çox böyük narazılıqlara səbəb olub.
Bəs əhali narazılıq etməkdə haqlıdır?
AĞ partiyasının sədri Tural Abbaslı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hazırki məqamda, istənilən halda, qiymət artımı istər siyasi, istərsə də cəmiyyət tərəfindən neqativ qarşılanır:
“Çünki həm iki ilə yaxındır davam edən pandemiyanın gətirdiyi iqtisadi çətinliklər, həm də müharibənin iqtisadiyyatımıza və yaşam tərzimizə vurduğu zərbələrdən sonra yenidən müavinatlərin, maaşların, minimum pensiyaların artmadığı bir dönəmdə bütün sahələrdə 20%-dən başlayaraq 50-60%-ə qədər qiymət artımlarının olması, təbii ki, cəmiyyət tərəfindən neqativ qarşılanacaq. Görünən budur ki, iqtidar mümkün bütün sahələrdə vətəndaşlardan topladığı ödənişlərdə artıma getmək niyyətindədir. Niyyətini də reallaşdırır. Düşünürəm ki, ola bilsin iqtidarda kimlərsə bunu dəyərləndirə bilmir. Düşünürlər ki, bu üç-beş gün danışılacaq və unudulub gedəcək, amma dövlət büdcəsinə əlavə gəlirlər gələcək. Bu belə olmur, cəmiyyətdə sosial gərginlik, narazılıq artır. Bu hesablanmamış, iqtisadi əsası olmadan yüksək dərəcəli artımlar siyasi və sosial partlayışa gətirib çıxara bilər. Mən bu artımların qəti əleyhinəyəm, neqativ qiymətləndirir, əsassız hesab edirəm. Əhaliyə ödənilməli olan və ödəniləcək maaşların, müavinatların artırılmasının üzərində işləmək əvəzinə hansısa sahələrdə vətəndaşların cibindəki pulları ala bilərik deyə düşünmək və bu yöndə addım atmaq heç də uğurlu siyasət deyil. Bu hər kəsə, ilk növbədə də iqtidara ziyandır”.
Aytac Aslan
















