Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 22-də davam etdirilib.
Bakıvaxtı.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək ibtidai istintaqda iştirak etmiş tərcüməçilərin qeyri-peşəkar olduğunu, bu səbəbdən onlara etirazı bildirdiyini deyib.
R.Vardanyanın müdafiəçisi Avraam Berman tərcüməçilərin adlarını sadalayaraq təqsirləndirilən şəxsin etirazını müdafiə etdiyini söyləyib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək Ruben Vardanyan tərəfindən Cinayət-Prosessual Məcəlləsinə əsasən etiraza və ya tərcüməçinin qeyri-peşəkarlığına dair konkret halların göstərilmədiyi, o cümlədən tərcüməçinin cinayət təqibində maraqlı olmasını təsdiqləyən sübutlar təqdim edilmədiyi üçün etirazın baxılmamış saxlanılmasını xahiş edib.
Məhkəmədə iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razı olduqlarını bildiriblər.
Zeynal Ağayev etiraza münasibət bildirərək deyib ki, təqsirləndirilən şəxs ibtidai istintaqda iştirak etmiş tərcüməçilərin qeyri-peşəkar olmasını vurğulasa da, məhkəməyə bu halı təsdiqləyən hər hansı dəlil təqdim etməyib və etirazını əsaslandırmayıb. Ona görə də vəsatət baxılmamış saxlanılıb.
Ardınca təqsirləndirilən R.Vardanyan yenidən məhkəməyə müraciət edərək bildirib ki, müdafiəçisi ilə birgə bu il fevralın 25-də keçirilmiş məhkəmənin iclas protokolları ilə tanış olub və orada göstərilən bəzi xüsusatlarla razı deyil. Hesab edir ki, məhkəmə tərəfindən vəsatətə baxılma qaydası pozulub. Qeyd edilənlərə əsasən, məhkəmənin cinayət təqibində maraqlı olduğunu bildirərək növbəti dəfə hakimlər kollegiyasına etirazını bildirib.
R.Vardanyanın müdafiəçisi Avraam Berman təqsirləndirilən şəxsin etirazını müdafiə etdiyini deyib.
Dövlət ittihamçısı Fuad Musayev etiraza münasibət bildirərək qeyd edib ki, müdafiə tərəfinin məhkəmə iclas protokollarında yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək hüququ var. Məhkəmə iclas protokolunda hər hansı xüsusatın qeyd edilməməsi və ya prosessual iştirakçıların vəsatətinin təmin olunmaması məhkəmə kollegiyasına etiraz üçün əsas hesab edilmir. Bu səbəbdən dövlət ittihamını müdafiə edən prokuror vəsatətin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.
Məhkəmədə iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razı olduqlarını bildiriblər.
Zeynal Ağayev söyləyib ki, cinayət prosesində müvafiq etirazlar əsaslandırılmaqla yazılı formada edilir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması barədə konkret və mötəbər dəlillər təqdim edilməyib, məhkəmənin obyektivliyi və qərəzsizliyinə təsir göstərən dair hallar müəyyənləşdirilməyib. Qeyd olunanlara əsasən, etiraz baxılmamış saxlanılıb.
Bundan sonra Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıq siyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərər çəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadə veriblər.
Zərərçəkmiş Anar Kazımovun hüquqi varisi Eynur Kazımov qardaşının Laçın rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində həlak olduğunu bildirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınaraq dindirilmiş Valeh Səfərov ifadəsində qardaşı Gökhan Səfərovun Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində həlak olduğunu söyləyib.
Zərərçəkmiş şəxslər Zamir Sadıqov və Zülfüqar Muradov ifadələrində düşmənin təxribatları nəticəsində yaralandıqlarını qeyd ediblər.
Zərərçəkmiş Kənan Qədirli isə Ağdərə istiqamətində yaralı şəxsləri ərazidən çıxarmaq istəyərkən xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında hazırda dizində ağrıların qaldığını, reablitasiyasının davam etdiyini diqqətə çatdırıb.
Gündüz Qasımov ifadəsində Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarət aldığını deyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən bildirib ki, həmin vaxt yanındakı şəxslərdən biri həlak olub, daha bir neçə nəfər yaralanıb.
Vüsal Qurbanov ifadəsində Xocalıda Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış snayper atəşi nəticəsində yaralandığını söyləyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında həmin vaxt həlak olanların və yaralananların olduğunu da deyib.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Sadiq Əhmədov ifadəsində Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış minanın partlaması nəticəsində xəsarət aldığını söyləyib. Sonradan həmin minanın piyada əleyhinə mina olduğunu öyrənib.
Sadiq Məhərrəmov ifadəsində Kəlbəcərdə düşmən tərəfindən atılmış qumbaraatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını bildirib. O, hazırda üçüncü qrup əlildir.
Məhkəmənin növbəti iclası iyulun 29-na təyin edilib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.