ABŞ administrasiyasının Kubaya qarşı yaxın zamanda hərbi əməliyyat planlaşdırmaması ilə bağlı yayılan məlumatlar Vaşinqton-Havana münasibətlərində yeni taktiki mərhələnin formalaşdığını göstərir.
“Associated Press”in yaydığı məlumata görə, Donald Trampın sərt ritorikasına baxmayaraq, Ağ Ev hazırda hərbi müdaxilə əvəzinə siyasi və iqtisadi təzyiqin yumşaq alətlərlə birləşdirildiyi strategiyaya üstünlük verir. ABŞ tərəfi Kubaya humanitar yardım, iki illik pulsuz “Starlink” internet xidməti, kənd təsərrüfatı və infrastruktur dəstəyi təklif edir. Bunun müqabilində isə Havana hakimiyyətindən siyasi məhbusların azad edilməsi, repressiyaların dayandırılması və Amerika biznesinə iqtisadi açılım tələb olunur. Apreldə ABŞ rəsmilərinin Havanaya səfəri də göstərir ki, tərəflər arasında dialoq tam dayanmayıb, lakin qarşılıqlı etimad hələ də olduqca zəifdir.
Əslində Vaşinqtonun hazırkı yanaşması klassik “rejim dəyişikliyi” modelindən daha çox “kurs dəyişikliyi” strategiyasını xatırladır. ABŞ anlayır ki, Kuba kimi uzun illər ideoloji müqavimət üzərində formalaşmış sistemlərə birbaşa hərbi təzyiq həm beynəlxalq reaksiyaları gücləndirə, həm də antiamerikan ritorikanı möhkəmləndirə bilər. Buna görə də indi iqtisadi yumşalma, texnoloji dəstək və sosial təsir mexanizmləri ön plana çıxarılır. Xüsusilə “Starlink” məsələsi diqqət çəkir. Çünki bu, həm də informasiya məkanına nəzarətin zəiflədilməsi deməkdir. Vaşinqton hesab edir ki, açıq informasiya axını Kubada daxili ictimai transformasiyanı sürətləndirə bilər.
Bununla belə, Havana rəhbərliyinin bu təkliflərə ehtiyatla yanaşması da tam başadüşüləndir. Kuba hakimiyyəti üçün ABŞ-dən gələn hər hansı iqtisadi və texnoloji açılım yalnız yardım deyil, eyni zamanda siyasi təsir aləti kimi qəbul olunur. Xüsusilə ölkənin onilliklər boyu ABŞ embarqosu və təzyiq siyasəti ilə yaşamış olması rəsmi Havananın strateji şübhələrini artırır. Kuba rəhbərliyi anlayır ki, iqtisadi liberallaşmanın sürətlənməsi siyasi sistem daxilində nəzarətin zəifləməsinə gətirib çıxara bilər. Buna görə də Vaşinqtonun təklif etdiyi paket iqtisadi baxımdan cəlbedici görünsə də, siyasi baxımdan riskli hesab edilir.
Digər mühüm məqam isə ABŞ-nin region siyasətidir. Vaşinqton Latın Amerikasında Çin və Rusiyanın təsir imkanlarının artdığını görür və Kuba məsələsinə artıq yalnız ideoloji deyil, geosiyasi prizmadan yanaşır. Xüsusilə Pekinin Karib hövzəsində iqtisadi təsirinin genişlənməsi ABŞ-ni daha çevik davranmağa məcbur edir. Bu səbəbdən Kuba ilə münasibətlərin tam qırılması yox, idarə olunan normallaşma modeli daha real görünür. Yəni Ağ Ev həm təzyiqi saxlayır, həm də dialoq kanalını açıq qoyur.
Hazırkı mənzərə göstərir ki, ABŞ-Kuba münasibətlərində yaxın aylarda tam normallaşma gözlənilmir. Amma tərəflərin bir-birini tam qarşıdurma xəttinə qaytarmaq istəmədiyi də aydın görünür. Vaşinqton Kubanı birdən-birə dəyişdirmək yox, tədricən transformasiya etmək istəyir. Havana isə sistemin təhlükəsizliyini qorumaqla müəyyən iqtisadi nəfəs alma imkanları əldə etməyə çalışır. Buna görə də qarşıdakı dövrdə münasibətlərin taleyini sərt bəyanatlardan daha çox, gizli diplomatik təmasların və iqtisadi güzəşt mexanizmlərinin müəyyən edəcəyi görünür.
Züriyə Qarayeva
Bakı 




