Bakalavriat pilləsini bitirib xaricdə magistraturaya qəbul olunan bir çox tələbə hərbi xidmətə çağırılan zaman xaricdə təhsil alacaqları barədə çağırış məntəqəsinə hansı sənədləri verməli olduqlarını bilmir və ya aparılan sənədləri hərbi çağırış məntəqələri qəbul etmirlər.
Bəzən tələbələr oxuduqları ali təhsil müəssisələrindən scan olunmuş sənədi hərbi komissarlığa təqdim etsələr də, komissarlıq sənədin əslini tələb edir. Belə olduğu halda tələbə nə etməlidir?
Təhsil üzrə ekspert Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, 2019-cu ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa edilmiş dəyişikliyə əsasən, Azərbaycanda əyani təhsilalma formasında magistraturada, doktoranturada, eyni zamanda xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında magistratura və doktorantura səviyyələrində təhsil alanlara təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilir: “Dəyişikliyə qədər isə Azərbaycanda ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək möhlət verilib. Eyni zamanda xarici ölkələrin siyahısı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilirdi”.
Kamran Əsədov qeyd edib ki, xarici ölkələrdə magistratura pilləsinə qəbul olmuş şəxslər həmən ölkənin Azərbaycandakı səfirliklərinin təhsil müşavirliyindən təhsil müddətini özündə əks etdirən arayış almalıdırlar: “Həmən arayışda qəbul olmuş şəxsin oxuyacağı universitet, ixtisas, təhsil forması və müddəti qeyd olunur. Müvafiq arayış hərbi komisarlıqlara təqdim edildikdən sonra arayışda qeyd olunmuş müddət ərzində həmən şəxsə hərbi xidmətdən möhlət hüququ verilir”.
Ekspertin sözlərinə görə, ümumilikdə təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi aşağıdakı hallarda və müddətdə baş tutur: ““Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 21-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir: a) ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara; b) ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara; c) orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara; d) əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək; e) xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək. Bir məqamı da qeyd edim ki, hər il ölkəmizdən xaricə magistraturaya təhsil almağa 270-350 nəfər gedir ki, bu da böyük rəqəm hesab edilmir”.
Qeyd: mövzuyla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu göndərilib.
Nuranə Daxilqızı