Bir kitabdamı, məqalədəmi, təxminən, belə bir cümlə oxumuşdum ki, bir insanı öyrəşdiyi nədənsə azad etsən, özü də bilmədən həmin şeyə məhkum olmaq üçün yollar axtaracaq. Dünən sosial şəbəkədə və ətrafda gördüklərim mənə bu cümləni bir daha xatırlatdı.
Mayın 1-dən Azərbaycanda qapalı məkanlarda maska taxmaq məcbyriyyəti aradan qaldırıldı. Təbii ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarı hamı tərəfindən sevinclə qarşılandı. Ancaq...
İnsanlar "maskaya əlvida" deyərək, maskanı çıxarıb küçənin ortasına atır, bunu sosial şəbəkələrdə ictimailəşdirir. Amma heç kəs atdığı o maskada nə qədər infeksiya olduğunu və bunu yaydığının fərqində deyil. Digər tərəfdən, axı, bizim küçələrə, yollara atdığımız maskaları da müasir aparatlar yox, elə insanlar təmizləyir. Odur ki, hər kəsin zəhmətinə hörmətlə yanaşaq.
Düzdür, qapalı məkanda, xüsusilə də metroda, avtobusda, iş yerində maska ilə oturmaq, sözün əsl mənasında, əzab idi. Ələlxüsus yay aylarında maska taxmaq müəyyən dəri xəstəliklərinə də gətirib çıxarırdı.
... İnsan variant tapıb öyrəşdiyi yola qayıdır. Elə bil göyərçini qəfəsindən azad edirsən ki, ucsuz-bucaqsız göydə azad uçsun, o isə qayıdıb təzədən qəfəsə girir. Odur ki, aradan qaldırılan məhdudiyyəti lazımınca dəyərləndirək, maskasız günlərin qədrini bilək...