Azərbaycan bir daha göstərdi ki, mötəbər yarışlara möhtəşəm şəkildə ev sahibliyi edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasiminin ardından jurnalistlərə açıqlama verən nazir yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib:
"Daha əvvəldən minifutbolda uğurumuz var idi. Yığma Avropa çempionatında qızıl medal qazanmışdı. Bu uğura dünya çempionluğu da əlavə olundu. Azərbaycan xalqı sevinc içərisindədir. Bu işdə millini tək buraxmayan azarkeşlərə böyük təşəkkür düşür. Azərbaycan bir daha təsdiq etdi ki, bu cür yarışlara möhtəşəm şəkildə ev sahibliyi edir. Qarşıda bizi UFC yarışı və MDB Oyunları gözləyir. Əminəm ki, bu sınaqlardan da üzüağ çıxacağıq".
Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək mundialın qalibi olub.