Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq. Bununla bağlı Baş nazir Əli Əsədovun aprelin 14-də müvafiq qərar imzalayıb.
Qərara əsasən, bu, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır. Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir.
Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.
Bəs bu dəyişiklik su ehtiyatlarından istifadəyə, sahibkarlara və kənd təsərrüfatına necə təsir göstərəcək? Yeni ödənişlər su israfının qarşısını almağa nə dərəcədə kömək edə bilər?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, yeni qaydanın birbaşa vətəndaşa təsiri yoxdur:
"Çünki vətəndaşın şəxsi istifadəsi üçün olan su nəzərdə tutulmur. Burada sənaye məqsədləri üçün istifadə olunan su nəzərdə tutulur. Sənaye məqsədi dedikdə hansı avadanlığın soydulması və s. nəzərdə tutulur. Ümumilikdə yeni qaydalar fonunda təyin olunan qiymətlər elə də böyük qiymət sayılmır. Xəzər dənizindən götürülən hər 100 kubmetr suya görəcəmi 40 qəpik ödəniləcək. Vətəndaş Xəzər dənizindən birbaşa su götürmür. Dənizdən suyu "Azerenerji" götürür. Nəzərdə tutulan qiymətlər heç bir vətəndaşa birbaşa təsir etməyəcək və biznes üçün əhəmiyyətli təsirə malik olmayacaq".
İqtisadçı vurğulayıb ki, yeni qərarın kənd təsərrüfatı sahəsinə də ciddi təsiri olmayacaq:
"Onsuz da kənd təsərrüfatı sahəsində suvarma üçün əvvəllər də ödəniş olunurdu", - deyə o əlavə edib.
Gülşən Şərif












