Misli Premyer Liqasının üçüncü turu çərçivəsində "Şamaxı" "Qəbələ" ilə qolsuz heç-heçəyə razılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, "Şamaxı"nın baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:
"Qəbələ" mövsümün əvvəlindən ən yaxşı oyununu keçirdi. Bizim üçün çətin oldu. Bunun öhdəsindən gəldik və bir xal qazandıq. Bu vəziyyətdə nəticə pis deyil. Hücumlarda daha diqqətli və dəqiq oynamalı idik. Ümumilikdə, futbolçularımdan razıyam. Səhvlərimiz var, amma nikbinəm. Növbəti oyunlara fokuslanacağıq”.
Mütəxəssis həmçinin səfərdə keçirilən oyunların komandaya müsbət təsir etdiyini bildirib:
“Yaxşı olardı ki, öz azarkeşlərimizin qarşısında oynayaq. Amma futbolçularım bu vəziyyətdən sonra daha da bərkiyəcəklər. “Qarabağ”, “Turan Tovuz” və “Qəbələ” ilə səfərdə oynadıq. Oyundan-oyuna nələrisə qazana bilirik. Bu da müsbət haldır. Səhvlərimiz də var, onların üzərində işləyəcəyik. Qarşıda yenə səfər oyunumuz var. Nikbin qalırıq. Stadionumuzun işıqlandırma məsələsi də həll olunacaq və azarkeşlərimizi öz oyunlarımızla sevindirəcəyik”.












