• Bakı 20° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

“Rayona gedənlərə Harvard Universitetini deyil, “torpaq universiteti”ni oxumaq lazımdır”
CƏMİYYƏT
31 Oktyabr 2021 | 15:15

“Rayona gedənlərə Harvard Universitetini deyil, “torpaq universiteti”ni oxumaq lazımdır”

İlham Əhmədov

Bildiyiniz kimi, bu yaxınlarda Yeni Azərbaycan Partiyası “Vətən Müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masada təşkil edib. Bir sıra partiyaların nümyəndələri tədbirə dəvət edilib. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının həmin tədbirdəki çıxışı ictimaiyyətdə maraq yaradıb.

Deputat bildirib ki: “Bu gün əhalinin böyük qələbə sevincinə, inamına kölgə salan hallar var. Bu hallar aradan qaldırılmalıdır. Biz qələbədən sonra yeni dövr başlayacağını arzulayırdıq. Müharibədən sonra bu belə idi. Ancaq sonra yenə məmur otaqları xalqın üzünə bağlandı. Prezidentin arxasında dayanmalı olan vəzifəli sahiblərinin çoxu öz məsuliyyətini unudub. Prezidentin ortada tək olduğunu görürük. Yeni kadrların çoxu təcrübəsizdir. Rayon yerlərinə gedənlərə Harvard Universitetindən daha çox “torpaq universiteti” də oxumaq lazımdır. Biz düşmənə qalib gəldik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür, bunun üçün də 44 günlük savaş lazımdır. Məmur boşboğaz təriflərdən, riyakar yaltaqlıqlardan kənarda qalmalıdır. Qul psixologiyası bizim uşaqlarımıza heç nə verə bilməz.”

Biz bu çıxışdakı bir məqama toxunmaq istəyirik: "Yeni kadrların çoxu təcrübəsizdir. Rayon yerlərinə gedənlərə Harvard Universitetindən daha çox “torpaq universiteti” də oxumaq lazımdır."

Yaxşı təklifdir. Harvardı bitirən ingilisdilli məzunlar ölkədə rəqəmsal iqtisadiyyatın qurulması, innovasiyaların yaradılması və transferi, iqtisadiyyatın transferi, diplomatiya v.s. sahələrdə daha faydalı ola bilərlər, nəinki rayonlarda. Onların əvəzinə isə rayonlara “torpaq universiteti” oxumalarına daha ehtiyacı olmayan, kənd təsərrüfatını bilən, torpağa bağlı, regionlara bələd olan, artıq bu sahədə müəyyən qədər təcrübə toplayan gəncləri, məsələn, Aqrar universitetinin fərqlənən məzunlarını yollamaq olar. Təəssüf ki, son zamanlar kadr təyinatında kadrların ixtisası, təyin edilmiş sahədəki iş təcrübəsinin olub-olmaması çox vaxt nəzərə alınmır. Amma kənd rayonlarına rəhbər kadrlar təyin edilərkən, onların aqrar sahəni nə dərəcədə bilməsi, regiona bələd olması kimi məsələlər də nəzərə alınmalıdır.

Sovet dönəmində kənd rayonlarda rəhbər kadrların təyinatında bu amillər nəzərə alınırdı. Onların arasında aqrar mütəxəssislər çox olurdu. Ölkədə aqrar kadrların hazırlanmasında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rolu danılmazdır. ADAU-da son illərdə nəzərə çarpacaq pozitiv irəliləyişlər hiss edilir. Universitetin saytında və sosial şəbəkələrdə verilmiş bəzi məlumatları nəzərinizə çatdırmaq istəyirəm.

Bu gün dövlət səviyyəsində aqrar təhsilin və elmin inkişafı üçün müvafiq proqramlar həyata keçirilir. Maddi texniki baza gücləndirilir, yeni tələbə evləri, tədris korpusları tikilib. Universitetin nəzdindəki tədris-təcrübə təsərrüfatı yenidən qurulmuş, tələbələrin praktiki vərdişlərə yiyələnməsi üçün maldarlıq, qoyunçuluq, quşçuluq fermaları tikilmiş, dövlət vəsaiti hesabına mal-qara alınmış, kəsim sexi tikilib. 16 tonluq soyuducu istifadəyə verilmiş, qış və yay auditoriyaları ilə təmin olunmuş, müasir kənd təsərrüfatı maşınları, əkin sahələri, meyvə və üzüm bağları genişləndirilmişdir.

Son 5 ildə ölkə Prezidenti 3 dəfə ADAU-da olub, böyük layihələrin açılışında iştirak edib. Hər il ərzində 4-5 dəfə kənd təsərrüfatı naziri İnam Kərimov universitetdə olur, müəllim və tələbələrlə görüşür.

Universitetdə tələbələr 14 kənd təsərrüfatı yönümlü ixtisas üzrə tam dövlət sifarişi ilə təhsil alır. Xaricdə təhsil almış çoxsaylı gənc müəllimlər təhsilin səviyyəsini qaldırmaq üçün əllərindən gələni edirlər, stimullaşdırıcı təqaüdlər verilir.

Bu gün 400-600 bal toplayıb ADAU-nu seçən yüzlərlə tələbələrlə yanaşı 200-250 balla qəbul olmuş tələbələr də var. Türkiyə Cümhuriyyətinin Ege universiteti ilə 4 ixtisas üzrə ikili diplom layihəsi artıq fəaliyyətdədir. Gələn ildən beynəlxalq kənd təsərrüfatı ixtisaslaşması üzrə ABŞ-ın Oklohoma Dövlət universiteti ilə magistratura səviyyəsində ikili diplom layihəsinə başlanılacaqdır, hər il 50-70 tələbə Erasmus proqramı çərçivəsində Avropa universitetlərinə göndərilir. Bu il alman menecment proqramı üzrə təhsil alan 10 ADAU tələbəsi Almaniyanın Trissdorf-Vaynştefan universitetinə magistraturaya qəbul olunublar. Bütün bu proseslər davamlıdır və gələcəkdə oz bəhrəsini verəcəkdir.

Göründüyü kimi son illərin nailiyyətləri göz qabağındadır. Bu universitetin fərqlənən məzunları niyə də ki, kənd rayonlarında, aqrar sektorun ön cəbhəsində istifadə edilməsin? Millət vəkilinin qeyd etdiyi kimi, “… rayon yerlərinə gedənlərin “torpaq universiteti” də oxuması lazımdır”. 

Dos. İlham Əhmədov

Bakıvaxtı.az

 


SON XƏBƏRLƏR