• Bakı C

    5.59 m/s

Rəssam Şamo Abasov əsərlərində və xatirələrdə - Etibar Cəbrayıloğlu yazır
CƏMİYYƏT
18 Dekabr 2021 | 15:09

Rəssam Şamo Abasov əsərlərində və xatirələrdə - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

XalqBank “Xalq Əmanəti” layihəsinin iyirmi birinci nəşrini dünən sənətsevərlərə və oxuculara təqdim edib. Böyük maraqla qarşılanan bu layihə çərçivəsində növbəti nəşr görkəmli Azərbaycan rəssamı Şamo Abasovun (1955-2014) yaradıcılığına həsr olunub.

Xalq Bankın rəsm qalereyasında Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. Bədii albomda mərhum rəssamın çoxsaylı keramika, qrafika və rəngkarlıq işləri yer alıb, onun həyat və yaradıcılığı dolğun əks olunub. Dekorativ keramikadan rəngkarlığa və ya illüziyalar bolluğunda Şamo Abasov 1955-ci ildə Cəbrayıl şəhərində anadan olub. 1970-74-cü illərdə Əzim Əzimzadə adına dövlət incəsənət məktəbini bitirən gənc rəssam, 1978-84-cü illərdə Vera Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye məktəbinin keramika fakültəsində təhsil alıb. 1986-cı ildən Azərbaycanın və SSRİ-nin Rəssamlar İttifaqlarının üzvülüyünə qəbul edilib. Şamo Abasov müasir Azərbaycan rəssamlıq məktəbində özünəməxsus dəst-xətti olan sənətkarlardandır. O, yaradıcılıq yolunun əvvəlində dekorativ keramika ilə məşğul olur. İştirak etdiyi beynəlxalq yaradıcılıq qruplarında, simpozium və sərgilərdə nümayiş olunan əsərləri ilə seyrçilərin rəğbətini qazanır, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İllər sonra sevdiyi sənətə - rəngkarlığa qayıdır və rəssam Şamo Abasov kimi daha böyük şöhrət qazanır, maraqlı əsərlər yaradır. Rəssamın tablolarında illüziyalar, sirli xülya və xatirələrlə bol bir dünya əks olunur. Onun əsərləri milli koloritlə nəfəs alır.Yaradıcılığının vizit kartına çevrilmiş Abşeron tipajları, qadın obrazları, özünəməxsus yumor və ironiyayamalik xeyirxah, gülərüz və bir qədər sadəlövh personajları seyrçini rəssamın abstrakt və sirli dünyasına səyahətə aparır. İstedadlı rəssam Şamo Abasov qısa, lakin son dərəcə məhsuldar bir həyat yaşayıb. 2014-cü il mayın 7-də Bakıda dünyadan köçüb. Rəssamın yaratdığı bir-birindən maraqlı əsərlər Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Rəsm Qalereyası, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Dövlət Tretyakov Qalereyası, Beynəlxalq Rəssamlar Konfederasiyası, Ştiqlits adına Tətbiqi İncəsənət Muzeyi, Beynəlxalq keramika muzeyi, Azərbaycanın xaricdəki nümayəndəlikləri, eləcə də yerli və xarici kolleksiyalarda qorunur. Yaradanlara və yaşadanlara minnətdarlıq Tədbirdə çıxış edənlər mərhum rəssam haqqında xatirlərini bölüşüb, “Xalq Əmanəti” layihəsinin əhəmiyyətini bir daha qeyd etdilər, Xalq Bankın xeyriyyəçilik missiyasını yüksək qiymətləndiriblər.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad X​əlilov mərhum Şamo Abasovu öz dəsti-xətti olan fırça ustası adlandırıb: “Bu gün biz ənənəvi olaraq Xalq Bankın təşkil etdiyi "Xalq Əmanəti" layihəsinin növbəti nəşrinin təqdimatına toplaşmışıq. Bu gün təqdim olunan kitab rəssam Şamo Abasova həsr olunub. Çox heyif, Şamo bu həyatdan tez köçdü. O, hər zaman öz sözünü deməyə bacaran sənətkar idi. Şamonu Azərbaycanın ən gözəl rəssamlarından biri sayıram. Çünki onun öz dəst-xətti var idi, bu, hər rəssama xas olan şey deyil. Rəsmlərinə baxan kimi bilirsən ki, bu onun əsəridi. Hamıya dost kimi yanaşırdı. Çox az yaşasa da Şamo öz işini axıra kimi görə bildi. Onun yaratdığı əsərlər hər zaman yaşayacaq. Bir daha Xalq Banka dərin minnətdarlığımı bildirirəm. Sağ olsunlar ki, Azərbaycanın təsviri sənətini bu cür təbliğ edirlər. Bu nəşrlər dünya səviyyəli albomlardır. Xalq Banka hamımızın adından təşəkkür edirəm, fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”.

Xalq rəssamı Hüseyn Haqverdiyev tələbə yoldaşı və həmkarı Şamo Abasovu minnətdarlıqla yad edib: “Bu gün mənim üçün olduqca həyəcanlı bir gündür. Şamo haqda yalnız xoş xatirələrim var, biz onunla Leninqradda təhsil almışıq. O, pedaqoqların və tələbələrin sevimlisi idi. O, dostlarına, sənətsevərlərə zəngin bir irs qoyub getdi”.

Təqdim edilən albomdakı mətnlərin müəllifi, sənətçünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova xatirələrini bölüşüb: “Bu, "Xalq Əmanəti" layjhəsi çərçivəsində rəssamalara aid nəşr olunan 13-cü kitabdır. Bu kitablar rəssamlar haqqında gözəl mənbədir. Şamo Abasov rəngkarlıq sənətində çox böyük bir iz qoymuş sənətkardır. Onu şəxsən tanıdığım üçün çox xoşbəxtəm. Mən layihənin kuratoru, “Azərxalça”nın direktoru Emin Məmmədova minnətdaram. Şamo Abasovla ilə bağlı Emin müəllim "Qız Qalası" qalereyasında böyük işlər görüb, sənətkarın həm Bakıda, həm də Berlindəki qalereyalarında sərgilərini təşkil edib. Mənim ilk işim Şamo Abasovla olub. Onun emalatxanasında tez-tez görüşürdük, işləyirdik. Biz artıq dostlaşmışdıq. Şamo müəllim Cəbrayılda anadam olmuşdu. Atasının yaratdığı cənnət bağı onun cənnəti idi. İşğal zamanı o, həmin cənnəti itirdi. Bundan sonra Qarabağa aid silsilə əsərlər yaratdı. Lakin bu əsərləri göstərmək istəmirdi. Zaman keçdi və rəssam məhz bu əsərlərlə şöhrət qazandı. Biz bu kitab üzərində 2020-ci ildə işləməyə başladıq. Ağır il idi, öncə pandemiya, sonra müharibə xəbəri gəldi. Biz Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun sayəsində 44 günlük müharibədə zəfər qazandıq. Bu mətni yazanda da Cəbrayıl rayonu erməni işğalından azad olundu. Düşündüm ki, Şamo müəllim də bunu gördü, onun ruhu şad oldu. Onun əsərləri daim yaşayacaq. Mən İradə xanım barədə də sözlər demək istəyirəm. Onları dərin hisslər birləşdirirdi. Şamo bu həyatı tərk etdikdən sonra İradə xanım hər zaman onu öz yanında hiss edir. Kitab üzərində işləyərkən o mənə çox köməklik etdi. Minnətdaram ona. Xalq Banka bir daha təşəkkürlərimi bildirirəm”. ​

Mərhum rəssamın oğlu Turqut Abasov ailəsinin minnətdarlığını ifadə edib: “Ailəmizin adından kitabın ərsəyə gəlməsinə görə Xalq Banka, əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Atamın yaradıcılıq dünyası ilə bu albom vasitəsilə tanış olmaq mümkündür. İnanıram ki, belə də olacaq”.

Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi ASC Xalq Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.


SON XƏBƏRLƏR

03 Dekabr 2022