"Qarabağ" yeni mövsümə Çempionlar Liqasının oyunu ilə başladı. Ardıcıl 4-cü, tarixində 11-ci dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılan “Qarabağ” ötən il olduğu kimi, mübarizəyə II təsnifat mərhələsindən start verdi. İlk matçımızda İrlandiyada “Şelburn”la qarşılaşdıq. Ağır oyun oldu, çətin anlar da yaşadıq. Sevinirəm ki, sonda 3:0 hesablı qələbə qazandıq.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözəl Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, ilk oyundakı qələbə arxayınlaşmağa əsas vermir:
"Rəqib İrlandiya çempionudur. Ümumiyyətlə, Çempionlar Liqasının təsnifat və pley-off mərhələlərində öz ölkələrinin ən güclüləri oynayırlar. Buna görə də kimliyindən asılı olmayaraq, asan rəqib olmur. Komandamız da bunu yaxşı dərk edir. Baş məşqçimiz Qurban Qurbanovun və rəhbərlik etdiyi texniki heyətin komandanı hər görüşə çox məsuliyyətlə hazırladığını bilirəm. Komandamızın qələbə əzminə inamım sonsuzdur. Komandamız cavab oyununa da ciddi hazırlaşır. Cavab görüşü mövsümün ilk ev oyunu olacaq. Doğma azarkeşlərimiz önündəki ilk qarşılaşmada da gözəl və layiqli oyunla qələbə qazanaraq mərhələ adlamağımızı istəyirəm. Azarkeşlərimizi bu qarşılaşmanı stadiondan izləməyə, komandamızı dəstəkləməyə çağırıram. Komandamız onlardan əlavə güc alır, ruhlanır. Mərhələni azarkeşlərimizlə birlikdə keçmək istəyirik. Hər mövsümdə olduğu kimi hədəflərimiz böyükdür. “Şelburn” hədəfə doğru yolda ilk addımdır. İnanıram ki, komandamız cari mövsümdə də avrokuboklardakı uğurları və daxili yarışlardakı qələbələri ilə azarkeşlərini sevindirəcək”.