Bakıda tanışına ağır xəsarət yetirməkdə təqsirləndirilən Səbinə Vəliyevanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Səbinə Vəliyevanın 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Səbinə Vəliyeva 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. S. Vəliyeva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Səbinə Vəliyeva ailəsindən xəbərsiz yaşadığı rayondan Bakıya gələrək tanış olduğu Fərid Hüseynzadə ilə görüşüb. Onlar Suraxanı rayonu ərazisində kirayədə yaşayıblar. S.Vəliyeva F.Hüseynzadəni 2024-cü il yanvarın 23-də kirayədə yaşadıqları mənzildə bıçaqlayıb.
S.Vəliyevaya qarşı Cinayət Məcəlləsinin 29 (Cinayət etməyə cəhd), 120.2.2 (Xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.9-cu (Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.