• Bakı 23° C

    7.28 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Yazarları linç edən azərbaycanlı oxucular - Oğuz Ayvaz yazır
YAZARLAR
13 Dekabr 2021 | 10:38

Yazarları linç edən azərbaycanlı oxucular - Oğuz Ayvaz yazır

Oğuz Ayvaz

Azərbaycan oxucusu səmimi deyil. Yazarlarımız ortaya əsər qoyanda səsləri çıxmır, yeni çıxan kitablar haqqında rəy bildirmirlər. Yazar qıcıqlandırıcı status yazanda isə milçək şirəyə daraşan kimi üstünə hücum çəkirlər, linç etməyə hazır-nəzir dururlar.

Hesab edirəm ki, bizim oxucularən əksəriyyətinin yetərincə bilgi bazası yoxdur. Əsər haqqında fikir yürüdə bilmirlər. Təəssüf ki, intellekt səviyyələri çox aşağıdır. Xarici müəlliflərin sadəcə adlarına heyran qalıblar. Soruşsan, oxuduğu əsərlərdən bir abzaslıq danışa bilməz. Amma qeybət janrlı söhbətlər, mövzular onlar üçün daha maraqlıdır. Oxuculara Elxan Elatlının, Çingiz Abdullayevin, Rövşən Abdullaoğlunun detektiv, düşündürməyən kitabları lazımdır. Kitab oxumağa yeni başlayanlar üçün sadaladığım müəllifləri oxumaq olar. Bu da kitab oxumağa vərdiş, oxu mədəniyyətini formalaşdırmaq üçündür. Daha ömür boyu bu müəlliflərlə irəli getmək, üfüqləri genişləndirmək heç cür mümkün olmaz.

Bütün dövrlərdə yazarlar cəmiyyətlə döyüşdə olublar. Məsələn, Nitsşe alman xalqına donuz demiş, Knut Hamsun faşistləri müdafiə etmişdir. Amma bu gün alman xalqı Nitsşeyə, norveç xalqı Knut Hamsuna borcludur.

Ölkə mədəniyyəti ilə tanınar və oxucular müasir yazıçıların əsərlərini oxuyub yazıçı ilə bərabər dünyaya çıxmalıdır. Yəni, dünyaya çıxmaq birlikdə olmalıdır. Azərbaycan oxucusu dünya səviyyəli deyilsə, yazarlarını da hər an aşağılamağa, təhqir eləməyə meyillidirsə, o zaman heç bir halda mədəni inqilab baş verməyəcək.

Azərbaycanda ciddi şəkildə oxucu problemi var. Mən bu oxucuları üç yerə bölərdim:

- Bu tip oxucular yalnız Dostoyevski, Kafka, Tolstoyun əsərlərini oxuyurlar. Məsələ ondadır ki, bu dahiləri oxuyanlar özlərindən fəlsəfə quraşdırmağa başlayırlar. Bir sözlə, Dostoyevski, Kafka, Tolstoy qiyafəsinə bürünürlər. Ən təhlükəlisi isə odur ki, bu tip oxucular Azərbaycan yazıçılarından da dərin mövzulu, əlçatmaz əsərlər gözləyirlər. Halbuki onların bilmədiyi sadə bir həqiqət var: Hər böyük yazıçı daşıdığı yükün ağırlığına girə bilir. Məsələn, bir misal çəkək: Mark Tven. Bu yazıçı uşaq ədəbiyyatının ən görkəmli nümayəndəsidir. Və o da böyük yazıçıdır. Ondan Dostoyevskilik gözləmək əbləhlik olardı. Və bu cür yanaşma cılızlıq əlamətidir.

- Bu tip oxucular, ümumiyyətlə, təhlükəlidir. Onlarla danışmağa belə dəyməz. Oxuduqları 2-3 kitab var. Onları da Sovet vaxtı oxuyublar. Ədəbiyyata baxışları çərçivəlidir.

- Və ən nəhayət: ən təhlükəli oxucular. Bunlar özlərini oxucu saymasalar heç bir işimiz yoxdur. SadəcəŞ bu oxucular metro, bulvar ədəbiyyatını ciddi nümunə kimi camaata sırımaq istəyirlər.

Zaman keçir, kitaba maraq, oxu vərdişi get-gedə azalmağa başlayır. Üzərimizə sürətlə axın edən kapitalizm, banklar, sosial şəbəkələr, tik-toklar, reklam çarxları, bahalı telefonlar, sərfəli kreditlər, yutuberlər, blogerlər kitabı, ədəbiyyatı arxa plana atır. Ona görə kitab oxumaqdan vaz keçməyək, gündə heç olmasa 1 saat vaxt ayıraq. Unutmayaq ki, kitablar olmasa bəşəriyyət amansız, vəhşi aləmə çevrilərdi...


SON XƏBƏRLƏR

23 Aprel 2024