• Bakı 20° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Məktəbli formaları: Həll olunmamış təhsil problemi

CƏMİYYƏT

28 Iyul 2023 | 14:53

Məktəbli formaları: Həll olunmamış təhsil problemi

Xəbər verdiyimiz kimi, 2023-2024-cü tədris ilindən məktəblilər yeni formalardan istifadə edəcəklər.

Bakıvaxtı.az xatırladır ki, bu, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 2022-ci il 17 martda “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən həyata keçirilir. Qeyd edək ki, yeni məktəbli formaları artıq satışa çıxarılıb.

"Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq formaların qiyməti ilə bağlı məlumat verib: "Oğlanlar üçün polo qısaqol və uzunqol köynək 15 manat, şalvar 25 manat, jaket isə 30 manatdır. Qızlar üçün qısaqol və uzunqol polo köynək 15 manat, şalvar 25 manat, jaket 30 manat, ətək 25 manatdır".

Qeyd edək ki, formalar 3 ayrı rəngdədir. Hər bir məktəb bu üç rəngdən birini seçməli, məktəblilər həmin təhsil müəssisənin seçdiyi vahid formadan istifadə etməlidirlər.

Təhsil eksperti Elmin Nurinin Bakıvaxtı.az-a dediyinə görə, məktəbli formaları artıq neçə ildir ki, həll olunmamış təhsil problemləri sırasındadır: "Bu məsələnin həllinin niyə bu qədər gecikməsi, şikayətlərin ildən ilə daha da artması açığı, anlaşılan deyil. Amma bu məsələni problemlə çevirən iki əsas faktor var: birincisi, Nazirlər Kabineti tərəfindən hər iki cinsin nümayəndələri üçün məktəbli formaları ilə bağlı verilən qərarda 4 eskizin təqdim olunması, ikincisi isə formaların rəng seçiminin, həmin 4 eskizdən birinin seçiminin məktəblərə həvalə olunması. İnanın ki, hər il avqust-sentyabr aylarıında məktəbli formaları ilə bağlı yaşanan xaosun əsas səbəbləri də elə bu iki faktordur”.

Ekspertə görə, bir də təbii ki, məktəbli formaları ilə bağlı verilən rəsmi qərarda bir formanın maksimum 3 il müddətinə istifadə olunmasına icazə verilməsidir. Onun sözlərinə görə, bu, absurd, birbaşa marketinq prinsiplərinə əsaslanmış qərardır. Şagird bir formanı 5-ci sinifdən 11-ci sinfə qədər istifadə edə, yaxud da onun qardaş-bacısı həmin paltarı geyinə bilər...".

Müsahibimizin fikrincə, məktəbli formaları ilə bağlı artıq yekdil qərar verilməlidir. Onun sözlərinə görə, əks halda, bu problem həm üzümüzə gələn yeni tədris ilində, həm də ondan sonrakı dönəmlərdə yenidən yaşanacaq: “Biz ya digər ölkələrdə olduğu kimi qız və oğlan şagirdlər üçün respublika daxili vahid forma təyin etməliyik, ya da yenə əvvəlki kimi formadan, ümumiyyətlə, imtina etməliyik. Amma 4 forma növü müəyyənləşdirib bunu məktəblərin ixtiyarına buraxmaq, elə formasızlıq kimi bir vəziyyətdir. Bunun olmasındansa olmaması daha yaxşıdır".

Elmin Nuri: Hesab edirəm ki, məktəbli formaları ilə bağlı artıq yekdil qərar verilməlidir, əks halda...

Formaların qiymətinə gəlincə, E.Nuri qeyd edib ki, qiymət 15-25 manat arasında dəyişir: "Qısaqol və uzunqol köynəklərin qiyməti 15, şalvar və ətəklər isə 25 manatdır. Təbii ki, bunlar Azərbaycan reallığı üçün normal qiymətlərdir. Amma dediyimiz kimi, məsələdə yanlışlıq hər iki cinsin nümayəndələrinin məktəbli formaları ilə bağlı verilən qərarda 4 eskizin təqdim olunması, formaların eskiz və rəng seçimi isə məktəblərə həvalə olunmasıdır. Çünki bir məktəb daxilindəki Pedaqoji Şuranın 3 ildən sonra eskiz və rəng seçimini dəyişməməsinə, bununla da yüzlərlə valideyni həm maddi, həm də zaman itkisinə salmamasına qəti inana bilmərik. Odur ki, bütün məktəblər üçün birdəfəlik vahid forma nümunəsinin seçilməsi daha təqdirəuyğundur".

E.Nuri vurğulayıb ki, problemin çətinləşdirən digər məsələ ilə, məktəbli formalarının hazırlanmasın yalnız Bakı Tikiş Evinin səlahiyyətində olmasıdır: "Ora böyük müəssisə və sistemli iş qrafiki ilə çalışsa belə yenə də gecikmələr yaşanır və yaşanacaq da. Çünki müəssisə birdən birdə qısa zaman kəsimi üçün yüz minlərlə sifariş götürür. Bu səbəbdən də dərs ili başlanan zaman məktəbli formasını əldə edən valideyn az qala, qəhrəman kimi qarşılanır. Bu səlahiyyətin BTE ilə yanaşı, yardımçı müəssisələrə verilməsi, həmçinin, valideynin özünün eskiz və rəngi pozmamaq şərtilə dərzi xidmətindən yararlanaraq forma hazırlatmasına icazə verilməsi xaosun qarşısını ala bilər".

Aytac Aslan


SON XƏBƏRLƏR

23 May 2025