ABŞ-nin İrana qarşı yeni hərbi zərbələrə başlaması Yaxın Şərqdə onsuz da yüksək olan gərginliyi daha da artırıb. Vaşinqton əməliyyatların İranın hərbi infrastrukturuna və regiondakı əməliyyat imkanlarına qarşı yönəldiyini bildirir. Tehran isə bunu ölkənin suverenliyinə qarşı açıq hücum kimi qiymətləndirərək cavab verəcəyini bəyan edib.
Artan qarşıdurma fonunda diplomatik həll imkanlarının zəifləməsi, enerji marşrutlarının təhlükəsizliyi və region ölkələrinin mövqeyi yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin məqsədi təkcə konkret hərbi obyektləri sıradan çıxarmaq deyil, həm də İranın strateji manevr imkanlarını məhdudlaşdırmaqdır. Vaşinqton bununla Tehrana göstərmək istəyir ki, regionda ABŞ və müttəfiqlərinin təhlükəsizliyini təhdid edən addımlar cavabsız qalmayacaq.
Dediyinə görə, digər tərəfdən, bu əməliyyatlar İranın raket, pilotsuz uçuş aparatları və hərbi logistika imkanlarını zəiflətməyə hesablanıb. ABŞ daxili auditoriyaya da qətiyyət nümayiş etdirməyə çalışır və bölgədə çəkindirici gücünü qorumaq istəyir: “Bununla yanaşı, Vaşinqton İranı daha sərt şərtlərlə danışıqlar masasına qaytarmaq niyyətini də gizlətmir. Yəni hərbi təzyiq siyasi nəticə əldə etmək üçün vasitə kimi istifadə olunur”.
Bu hücumların regionda daha genişmiqyaslı müharibə riskini artıracağına gəlincə, müsahibimiz təəssüflə bildirib ki, belə bir risk kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, İran birbaşa cavab verməsə belə, ona yaxın silahlı qruplar vasitəsilə ABŞ və ya İsrail maraqlarına qarşı hücumların təşkili ehtimalı qalır. Bu isə qarşıdurmanın Livan, Suriya, İraq, Yəmən və Fars körfəzi istiqamətində genişlənməsinə səbəb ola bilər. Politoloq qeyd edib ki, belə bir ssenari regionun təhlükəsizlik arxitekturasını daha da mürəkkəbləşdirəcək:
“Bundan başqa, diplomatik kanalların zəifləməsi hərbi eskalasiyanın qarşısını almağı çətinləşdirir. Hazırkı mərhələdə tərəflərin hər bir addımı vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edə bilər”.
Qarşıdurmanın enerji bazarına və beynəlxalq ticarətə təsirlərindən də danışah həmsöhbətimiz bildirib ki, Yaxın Şərq dünya enerji bazarının ən həssas bölgələrindən biridir. Hörmüz boğazı vasitəsilə qlobal neft tədarükünün əhəmiyyətli hissəsi daşındığından burada yaranan hər bir gərginlik qiymətlərə dərhal təsir göstərir.

Züriyə Qarayeva: Diplomatik kanalların zəifləməsi hərbi eskalasiyanın qarşısını almağı çətinləşdirir
Qarayeva deyib ki, son hadisələrdən sonra bazarlarda risk amili yenidən ön plana çıxıb və investorlar ehtiyatlı davranmağa başlayıblar. Onun fikrincə, əgər qarşıdurma uzanarsa, sığorta xərcləri, daşınma tarifləri və logistika qiymətləri də arta bilər. Bu isə yalnız enerji sektoruna deyil, qlobal ticarət zəncirinə də mənfi təsir göstərəcək. Xüsusilə enerji idxalından asılı ölkələr bu prosesdən daha çox təsirlənə bilərlər.
Qarşıdakı mərhələdə hadisələr hansı istiqamətdə inkişaf edə biləcəyinə gəlincə, politoloqun dediyinə görə, hazırda üç əsas ssenari mümkündür:
Birinci ssenari qarşılıqlı zərbələrin davam etməsi və gərginliyin uzunmüddətli hərbi qarşıdurmaya çevrilməsidir.
İkinci ssenari vasitəçi dövlətlərin iştirakı ilə diplomatik təmasların bərpası və eskalasiyanın müəyyən qədər nəzarət altına alınmasıdır.
Üçüncü və ən təhlükəli ssenari isə İranın regional müttəfiqlərinin prosesə daha aktiv qoşulması ilə münaqişənin daha geniş coğrafiyaya yayılmasıdır”.
Onun sözlərinə görə, hazırkı vəziyyət göstərir ki, tərəflər geri çəkilmək niyyətində görünmür və qarşılıqlı təzyiq siyasəti davam edir. Buna görə də yaxın günlər Yaxın Şərqin gələcək təhlükəsizlik mənzərəsi baxımından həlledici əhəmiyyət daşıyacaq.
Zülfü Məmmədov
Bakı 



