Tərəflər arasında razılaşmanın olduğu açıqlansa da, ABŞ ilə İran hələ də bir-birini hədələyir. Tramp bu sənədi qarşı tərəfin təslimçiliyi kimi dəyərləndirir. İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə ABŞ-ni yenidən hərbi münaqişəyə cəhd edəcəyi təqdirdə "daha güclü zərbə" ilə hədələyib.
Tərəflərin bu şəkildə hədə-qorxu gəlməsi memorandumun imzalanmamış ləğvinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, anlaşmanın əldə olunmasına baxmayaraq, qarşılıqlı sərt bəyanatların davam etməsində qeyri-adi bir şey yoxdur. Belə ki, danışıqlar və təzyiq siyasətinin paralel aparılması beynəlxalq münasibətlərdə tez-tez rast gəlinən haldır:
"Anlaşma Memorandumunun hələ sülh sazişi olmadığını nəzərə alsaq, bu səpkili bəyanatlara bundan sonra da şahidlik edəcəyimizi deyə bilərəm. Hazırda müşahidə olunan odur ki, tərəflər həm diplomatik kanalları açıq saxlamağa çalışır, həm də daxili və xarici auditoriyalara qarşı mövqelərini güclü göstərmək istəyirlər. Donald Tramp qarşı tərəfi təslimçi kimi təqdim etməklə, ABŞ-nin qalib gəldiyi görüntüsünü yaratmağa çalışdığı kimi, Qalibaf da sərt bəyanatlarla İranın üstünlüyünü göstərməyə cəhdlər edir".
Müsahibimiz bildirib ki, başqa sözlə, ABŞ tərəfi maksimum təzyiq siyasətinin nəticə verdiyini vurğulamaq istəyir, İran tərəfi isə daxili siyasi mövqeyini qorumaq və ölkənin zəif tərəf kimi görünməsinin qarşısını almağa çalışır.

Yusif Bağırzadə, politoloq
Y.Bağırzadə belə ritorikanın memorandumun ləğvinə səbəb olacağını düşünmür.
Yusif Bağırzadə: Sərt ritorika praktiki addımlarla müşayiət olunarsa, vəziyyət dəyişə bilər
"Hələlik qarşılıqlı sərt bəyanatlar diplomatik proseslərin qarşısını kəsmir. Lakin risk ondan ibarətdir ki, sərt ritorika praktiki addımlarla müşayiət olunarsa, vəziyyət dəyişə bilər. Məsələn, yeni sanksiyalar, hərbi təhdidlərin artması, qarşılıqlı təxribatlar və ya razılaşmanın əsas müddəalarına zidd addımlar memorandumun icrasını çətinləşdirə bilər. Xüsusilə ABŞ-İran münasibətlərində etimad səviyyəsinin aşağı olması səbəbindən kiçik bir böhran belə böyük siyasi nəticələr doğura bilər. Burada mühüm məqam odur ki, tərəflər arasında əsas ziddiyyətlər tam aradan qalxmayıb. ABŞ İranın regional fəaliyyətləri, təhlükəsizlik məsələləri və nüvə proqramı ilə bağlı narahatlıqlarını qoruyur. İran isə ABŞ-nin maksimum təzyiq siyasətinə və xarici müdaxilə ehtimalına qarşı həssas yanaşır. Buna görə də memorandum daha çox problemlərin həllinə aparan yol xəritəsi kimi qiymətləndirilə bilər, yekun barışıq sənədi kimi deyil", - deyə müsahibimiz vurğulayıb.
Politoloqun fikrincə, tərəflərin bir-birini hədələməsi hazırda daha çox qarşıda dayanan 60 günlük danışıqlar prosesinin bir hissəsi kimi görünür. Memorandumun taleyini isə sərt bəyanatlar deyil, tərəflərin razılaşmaya əməl edib-etməməsi müəyyən edəcək.
Gülşən Şərif
Bakı 



