2050-ci ilə qədər Afrika şəhərlərinə təxminən 900 milyon nəfərə qədər yeni əhalinin köçəcəyi proqnozlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Afrika ölkələrinin regional nazirlər görüşündə çıxışı zamanı məlumat verib.
Rossbaxın sözlərinə görə, bu miqyasda urbanizasiya Afrika qitəsinin şəhərsalma sistemləri qarşısında ciddi çağırışlar yaradır. Sürətli əhali artımı şəhərlərdə mənzil təminatı, infrastruktur, nəqliyyat və sosial xidmətlərə olan təzyiqi daha da gücləndirəcək.
O qeyd edib ki, şəhərlərin planlaşdırılması və dayanıqlı inkişafı indidən prioritetə çevrilməsə, gələcəkdə həm sosial bərabərsizlik, həm də yaşayış keyfiyyəti baxımından ciddi problemlər ortaya çıxa bilər. Buna görə də UN-Habitat ölkələrə inklüziv şəhərsalma modellərinin tətbiqini, xüsusilə də aztəminatlı əhali üçün əlçatan mənzil siyasətlərinin gücləndirilməsini tövsiyə edir.
Tədbirdə Afrika regionunda urbanizasiya prosesinin idarə olunması, şəhərlərin iqlim dəyişikliyinə uyğunlaşdırılması və davamlı inkişaf hədəfləri ilə əlaqələndirilməsi məsələləri də müzakirə olunub.
Əli Hüseynov
Bakı 




