• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Aİ-nin Azərbaycana qarşı “binokl diplomatiyası”: Əgər düşünürlərsə ki...

SİYASƏT

11 Mart 2025 | 13:50

Aİ-nin Azərbaycana qarşı “binokl diplomatiyası”: Əgər düşünürlərsə ki...

“Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının davamlı olaraq Azərbaycanla şərti sərhədlərə gələrək təxribatlara cəhd etdiklərini görürük”.

Bunu müşahidə missiyası nümayəndələrinin növbəti dəfə Azərbaycanla həmsərhəd ərazilərdə müşahidə aparmasına münasibət bildirən deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a deyib.

Deputat vurğulayıb ki, Azərbaycan tərəfi haqlı olaraq Aİ-nin "müşahidə missiyası"nın bölgədə kəşfiyyatla, casusluqla məşğul olduğunu bəyan etdikdə, bunu qəbul etmirlər:

“Əgər Aİ-nin "müşahidə missiyası" casusluq etmirsə, hansı məqsədlə şərti sərhədlərdən Azərbaycana saatlarla boynalır, nəyi izləyirlər? Onların bizim sərhədimizdə nə işləri var? Məntiqlə belə çıxır ki, Azərbaycan ərazisində kəşfiyyat aparırlar”.

Onun sözlərinə görə, digər narahatedici məqam odur ki, missiyanın Ermənistanda qalma müddəti daha 2 il uzadıldı. Aİ missiyasının say tərkibinin artırılması da nəzərdə tutulur. Azərbaycan tərəfi bu məsələyə konkret mövqeyini dəfələrlə bildirib.

Ceyhun Məmmədov: Əgər Aİ-nin "müşahidə missiyası" casusluq etmirsə, bizim sərhədimizdə nə işləri var?

C.Məmmədiv qeyd edib ki, missiyanın bölgəmizdəki bu yöndə fəaliyyəti qəbuledilməzdir:

“Sülh danışıqlarının getdiyi, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin irəlilədiyi zamanda belə bir missiyaya ehtiyac yoxdur. Həm də artıq faktdır ki, Aİ missiyası regionda tam fərqli işlərlə, narahatedici fəaliyyətlə məşğuldur. Əgər düşünürlərsə ki, bu cür əməllərlə nəyəsə nail olacaqlar, yanılırlar. Heç nəyə nail ola bilməyəcəklər. Yaxşı olar ki, Ermənistan hökuməti bu oyunun iştirakçısı olmasın və missiyanın fəaliyyətinə son qoysun".

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının üzvləri növbəti dəfə Azərbaycanla həmsərhəd ərazilərdə müşahidə aparıblar. Belə ki, martın 10-da növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar. Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.

Müşahidə missiyasının üzvləri Qazax rayonu ilə həmsərhəd ərazidə də olublar. Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıblar.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası" mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə mətbuatda məlumatlar və görüntülər yayılır.

Onu da qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

11 Mart 2025