Son illərdə Bakıda hələ də sökülməyən, qəzalı vəziyyətdə olan köhnə binalar şəhər sakinləri üçün ciddi risk olaraq qalır. Uzun müddət istismar edilən bu tikililər həm insanların təhlükəsizliyi, həm də şəhərin ümumi infrastrukturu baxımından narahatlıq doğurur.
Bakıvaxtı.az-ın məlumatına görə, məsələ ilə bağlı əmlak üzrə ekspert Ramil Osmanlı Teleqraf-a açıqlamasında bildirib ki, Bakıda qəzalı binaların söküntüsü ilə bağlı müxtəlif dövrlərdə fərqli rəqəmlər səsləndirilib:
“2019-cu ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən paytaxtın 12 rayonu üzrə sökülməsi nəzərdə tutulan tikililərlə bağlı ümumi statistika açıqlanıb. Söküntü prosesi Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən həyata keçirilir”.
Ekspert qeyd edib ki, həmin proqram çərçivəsində yalnız çoxmənzilli yaşayış binaları deyil, digər köhnə və qəzalı tikililər də söküntü siyahısına daxil edilib:
“O dövrdə açıqlanan rəsmi məlumatlara əsasən, Bakıda qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sayı təxminən 11 minə yaxın olub. Hazırda bu binalardan neçəsinin söküldüyü və neçə tikilinin qaldığı ilə bağlı dəqiq statistika açıqlanmasa da, söküntü işlərinin mərhələli şəkildə davam etdiyi bildirilir. Bir sıra qəzalı binalar artıq sökülüb, digərləri isə dövlət proqramlarına daxil edilərək növbəti illərdə sökülməsi planlaşdırılan tikililər sırasındadır. Buna baxmayaraq, Bakıda hələ də xeyli sayda qəzalı bina mövcuddur və bu məsələ şəhərsalma siyasətində prioritet istiqamətlərdən biri olaraq qalır”.
Ramil Osmanlı qəzalı binaların söküntüsünün ləng getməsinin əsas səbəblərinə də toxunub:
“Söküntü planına daxil edilən binaların çoxsaylı mülkiyyətçiləri var ki, bu da hüquqi və təşkilati baxımdan əlavə çətinliklər yaradır. Digər tərəfdən, bu qədər tikilinin qısa müddətdə tam sökülməsi fiziki baxımdan mümkün deyil”.
Ekspertin sözlərinə görə, söküntü prosesi eyni zamanda ciddi maliyyə vəsaiti tələb edir:
“Dövlət tərəfindən sakinlərə kompensasiya ödənişləri böyük büdcə xərcləri ilə müşayiət olunur. Bundan əlavə, bəzi qəzalı binalarda hələ də yaşayış mövcuddur və sakinlərin köçürülməsi mərhələli şəkildə həll edilməlidir .Qeyd olunan amillər nəzərə alınaraq, söküntü işləri növbəlilik və mərhələlilik prinsipi əsasında aparılır. Prosesin ləngiməsinin əsas səbəbləri də məhz bu faktorlarla bağlıdır”.
Ekspert vurğulayıb ki, hər hansı tikilinin rəsmi şəkildə qəzalı elan edilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarının və Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli qurumlarının rəyi tələb olunur, yalnız bu rəy əsasında bina qəzalı statusu alır və söküntü proqramına daxil edilir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov da bildirib ki, istismarı başa çatmış yararsız binaların söküntüsü və onların yerində müasir yaşayış binalarının tikintisi mərhələli şəkildə həyata keçirilir:
“Bu prosesdə əsas amillərdən biri baş plana uyğunluq, digəri isə maliyyə yüküdür. Xüsusilə dövlət ehtiyacları üçün ərazilərin alınması büdcədən əlavə vəsait ayrılmasını tələb edir. Bu baxımdan söküntü və tikinti prosesinin mərhələli şəkildə aparılması daha məqsədəuyğundur”.
Kompensasiya mexanizminə toxunan Vüqar Bayramov qeyd edib ki, sahəsi 30 kvadratmetrədək olan mənzillər üçün birbaşa mənzil təklifi daha uyğun olar:
“Bu tip mənzillərin sahibləri pul kompensasiyası aldıqları zaman yeni mənzil əldə etməkdə çətinlik çəkə bilərlər. Ona görə də 30 kvadratmetrədək olan mənzillərə mənzil təklif edilməsi, sahəsi daha böyük olan mənzillərə isə hər kvadratmetrə görə pul kompensasiyasının ödənilməsi məqsədəuyğun hesab olunur”.
Bakı 




