Azərbaycan dünyada qədim neft ölkəsi kimi tanınır. IX əsrin sonu XX əsrin əvvəllərində Bakı dünyanın ən iri neft mərkəzlərindən birinə çevrilmişdi. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda “qara qızılın” sənaye üsulu ilə çıxarılmasının əsasını qoydu. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdi. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoydu. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başladı. 70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Ümummilli Lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olub. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Bakıvaxtı.az xəbər verir ki, 1994-cü il sentyabrın 20-də yeni neft strategiyasının reallaşdırılmasında çox mühüm bir addım atıldı - Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda altı dövləti təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. Bu saziş yeni sazişlərin imzalanmasına geniş yol açdı. İmzalanmış neft-qaz müqavilələri, “qara qızılın” boru kəmərləri ilə ixracının başlanması ölkəyə böyük həcmdə gəlirlər gətirdi. Artan gəlirlər onların saxlanacağı və aktivlərin effektiv idarə olunacağı bir qurumun yaranmasını şərtləndirdi. Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsini daşıyan İlham Əliyevin birbaşa təşəbbüsü ilə bu ideyanın gerçəkləşdirilməsi mümkün oldu. İlham Əliyevin təklifi ilə dünyada bu sahədə mövcud analoji suveren fondların təcrübələri öyrənildi. Nəticədə Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi. Neft Fondunun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olundu.
ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf etmiş beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.
Fəaliyyətə başladığı vaxtdan etibarən ARDNF qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, bu öhdəlikləri layiqincə yerinə yetirib. 2001-ci ildə Fondda 270 milyon dollar məbləğində vəsait vardısa, cari il sentyabrın 30-na bu rəqəm artıq 70 milyard 161,7 milyon dollara bərabər olub. Bu gün ARDNF tərəfindən həmin vəsaitlər səmərəli şəkildə idarə edilir, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Fond hazırda mühüm sosial-iqtisadi layihələri maliyyələşdirir ki, onların uğurlu icrası ölkənin hərtərəfli inkişafına xidmət edir. Neft Fondu institusional cəhətdən formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınan və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin olunması baxımından digər dövlətlərə öz təcrübəsini bölüşməyə qadir olan bir quruma çevrilir.
Dövlət Neft Fondu ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımlar atır.
Fondun bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən biri də cari il fevralın 18-də ABŞ-ın “BlackRock” şirkətinin tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) tərəfindən idarə olunan investisiya fonduna qoşularaq İtaliyanın aparıcı yüksək sürətli dəmir yolu operatoru “Italo – Nuovo Trasporto Viaggiatori S.p.A (Italo)”ya 34,5 milyon avro məbləğində sərmayə yatırmasıdır. Həmçinin bu ilin may ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu "Global SWF" platforması tərəfindən “Ayın Fondu” seçilməsi də təsadüfi deyil. "Global SWF"in bu təqdimatı ARDNF-nin artan beynəlxalq nüfuzunu əks etdirərək Fondun uzunmüddətli investisiya strategiyaları, bazar tendensiyaları və qlobal əməkdaşlığa dair baxışlarını beynəlxalq auditoriyaya çatdırıb.
ARDNF-nin investisiya portfelini şaxələndirmək və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) regionundakı fəaliyyətini genişləndirmək strategiyasına xidmət məqsədilə qlobal alternativ investisiya şirkəti olan “Lunate Capital” (Lunate) tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkətinə 50 milyon dollar həcmində investisiya yatırıb. Bu investisiya ARDNF-nin dayanıqlı və gəlir gətirən infrastruktur aktivlərinə yatırımlar vasitəsilə portfel diversifikasiyası strategiyasına uyğun olaraq həyata keçirilmiş və Fondun KƏŞ regionu ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsinə yönəlib.
Bundan başqa, iyulun 18-də ARDNF və bərpaolunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkəti, İtaliyada yerləşən ümumi gücü 402 meqavat olan günəş fotovoltaik (PV) elektrik stansiyalarından ibarət portfeldə ARDNF-nin 49 faizlik pay əldə etməsini nəzərdə tutan müqavilə imzalanıb. Bu investisiya, ARDNF-nin uzunmüddətli investor kimi müəyyən edilmiş strateji hədəflərinə və mandatına uyğun şəkildə sabit və proqnozlaşdırıla bilən gəlir mənbəyi yaratmaqla yanaşı, eyni zamanda, qlobal miqyasda dayanıqlı enerji keçidinə töhfə verir.
Bu istiqamətdə cari il görülən işlərdən biri də Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ABŞ-da yerləşən və “BlackRock”un tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya həyata keçirməsidir Bu yatırım ARDNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, Fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir. Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir və 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik, Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqdır. Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq dəyərində töhfə verir.
Cari il oktyabrın 1-nə qədər Neft Fondunun ümumilikdə 130 milyard 32,3 milyon manat məbləğində vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib və dövlət büdcəsinə transfert edilib. Qeyd edilən dövrdə ARDNF-in ən ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması məsələlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 2 milyard 702,7 milyon manat məbləğində vəsaiti istifadə edilib. Bu vəsaitlər hesabına qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin tikintisi işləri də həyata keçirilib. ARDNF tərəfindən layihənin maliyyələşdirilməsi davam edir.
Fond indiyədək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 297,9 milyon manat sərf edib.
2006-cı ildən başlayaraq neft gəlirlərinin bir hissəsi, eyni zamanda, su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilir və fondun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından paytaxta su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur. Bu layihələrin reallaşması neft strategiyasının məntiqi davamı kimi qəbul edilir. 2006-cı ildən bu ilin üçüncü rübünün sonuna Neft Fondunun büdcəsi çərçivəsində bu layihəyə 779,6 milyon manat vəsait yönəldilib.
2006-2016-cı illərdə fonddan Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 1 milyard 469,6 milyon vəsait yönəldilib. Layihənin həyata keçirilməsi ilə Bakı və Sumqayıt şəhərlərinin içməli və texniki su ilə təminatı 2 dəfə yaxşılaşıb, bənddə quraşdırılan elektrik enerjisinin istehsalından əmələ gələn illik mənfəət 2 milyon manat təşkil etməsi hədəflənib.
İndiyədək fondun 87,6 milyon manat vəsaiti “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə layihədə SOCAR-ın iştirak payının tənzimlənməsinə yönəldilib.
Bu vaxtadək Neft Fondu Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə isə 748,6 milyon manat ayırıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir.
Neft Fondu tərəfindən 106,6 milyon manat məbləğində vəsait “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Bu proqramın icrası sayəsində Azərbaycanda müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsillərinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaradılıb.
Fond indiyədək “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsinə 1 milyard 530,3 milyon manat ayırıb. Fond bu vaxtadək SOCAR-ın Türkiyənin İzmir şəhərində inşa etdiyi “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 1 milyard 663,3 milyon manat yönəldib.
Bu il sentyabrın 30-na Neft Fondunun aktivləri 2025-ci ilin əvvəlinə (60 milyard 31,4 milyon dollar) nisbətən 16,9 faiz artaraq 70 milyard 161,7 milyon dollara bərabər olub.
Cari ilin yanvar-sentyabr ayları ərzində Fondun büdcə gəlirləri 13 milyard 73,5 milyon manat, büdcə xərcləri isə 10 milyard 917,8 milyon manat təşkil edib. Həmçinin Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 milyard 837,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 68,8 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat olub.
Cari il yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı gəlirlər 5 milyard 235,7 milyon manat, xərcləri isə 22,9 milyon manat təşkil edib. On bir ayda “Azəri-Çıraq-Günəşli” yatağından 6 milyard 183,9 milyon manat gəlir əldə edilib. “Şahdəniz” yatağından isə (qaz və kondensat) 697 milyon manat gəlir əldə olunub.
ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində isə Avropa, Asiya və Sakit Okean hövzəsi regionlarında London, Moskva, Paris, Tokio, Seul kimi şəhərlərdə birbaşa daşınmaz əmlak investisiyaları həyata keçirib.
Prezident İlham Əliyev hələ Nazirlər Kabinetinin 2006-cı ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında neftdən əldə olunan vəsaitlərin iqtisadiyyatın digər sahələrinə, ilk növbədə, qeyri-neft sektorunun inkişafına və insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsini hökumət qarşısında prioritet vəzifələr kimi müəyyənləşdirmişdi. Neft gəlirlərinin dolğun idarə olunması və iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi İlham Əliyevin hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir. Dövlətimizin başçısının çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi inkişafın nəticəsi olaraq bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib./Azərtac
Bakı 




