Son günlər yağan güclü yağışlar nəticəsində yaranan sel fəlakəti, bir daha ölkəmizdə tikinti sektorunda mövcud olan problemləri gündəmə gətirdi. Əfsuslar olsun ki, bəzi yaşayış evləri və hətta çoxmərtəbəli binalar normativlərə uyğun tikilmədiyindən bu cür təbii hadisələr zamanı ciddi ziyan görür, uçur və ya yararsız hala düşür.
Bəs evlərində tikintisində nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı tikinti məsələləri üzrə ekspert, memar Muxtar Ərturan Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sel zamanı nəinki 1-2 mərtəbəli yaşayış evlərinə, hətta çoxmərtəbəli binalara belə ciddi ziyanlar dəyib:
"Evlərə, binalara dəyən ziyanın əsas səbəbi tikinti zamanı layihə və inşaat qanunlarına riayət edilməməsidir. Vaxtında lazımı addımları atmırlar".
Onun sözlərinə görə, vətəndaşların səhvlərindən biri də ev alarkən haradan aldıqlarına fikir verməmələridir:
"Çox zaman insanlar ev alarkən diqqət edirlər ki, yola yaxın yerdə olsun. Amma heç kəs düşünmür ki, bu torpaq ərazi yoldan nə qədər aşağıdadır, bu torpaq ərazisində suların yığılma ehtimalı varmı?"
Ekspert bildirir ki, insanlar aldıqları torpağın ancaq sotuna baxırlar, ev tikmək üçün yararlı olub-olmadığına isə fikir vermirlər:
"Hər bir memar ev tikmədən öncə bilir ki, tikinti olan əraziyə topoqraf və geoloq dəvət etmək lazımdır ki, baxsınlar və sonra qərar versinlər ki, həmin ərazidə tikinti aparmaq olar, ya yox".
Muxtar Ərturan: İnsanlar torpağın ancaq sotuna baxırlar, ev tikmək üçün yararlı olub-olmadığına fikir vermirlər
"Bakının Binəqədi, Biləcəri ərazisini misal olaraq göstərmək olar ki, güclü yağış yağanda yaşayış yerləri su altında qalır", - deyə mütəxəssis qeyd edib.
Memar Bakı-Quba yolunun su altında qalmasından da bəhs edib:
"Bakı-Quba yolunu inşa edən şirkətlərin hər biri tenderlərdən keçib. Görürük ki, bu şirkətlərin nəzarət mexanizmi belə hərdən ehtiyatsızlıq edə bilir".
Nuriyyə Musayeva