• Bakı 30° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

“Arif Babayevin sənətinə adekvat qiymət verə bilməyənlər uğursuz insanlardır” – Xalq artisti

MƏDƏNİYYƏT

08 Avqust 2025 | 13:56

“Arif Babayevin sənətinə adekvat qiymət verə bilməyənlər uğursuz insanlardır” – Xalq artisti

Uzun illərdir, Azərbaycan cəmiyyətində aruzolunmaz tendensiya hökm sürür. Ölkə itimai, siyasi və mədəni mühitində tanınan şəxslərə qarşı ölümlərindən sonra yerli-yersiz tənqidlər, hətta təhqirlər həyata keçirilir.

Bakıvaxtı.az xatırladır ki, analoji hallardan biri də Xalq artisti, görkəmli muğam ustası Arif Babayevlə bağlı baş verdi. Yazıçı Kəramət Böyükçöl mərhum sənətkar haqqında bildirib ki, elə Arif Babayevin bu gün vəfat etməsi də simvolikdir: “Meyxanaçı Mehman Əhmədli meyxana deyə bilmədiyi kimi, Arif Babayev də muğam ifa edə bilmirdi. Sanki bu gün muğamın çiyinlərindən ağır bir yük götürüldü”.

Yazıçının açıqlamasına reaksiya verən Xalq artisti Mənsum İbrahimov Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, hər kəs öz səviyyəsinə uyğun danışır. Ona görə də belə cılız söhbətlərə münasibət bildirmək istəmir:

“Arif müəllim adını Azərbaycanın mədəniyyət tarixinə yazdırmış böyük bir sənətkardır. Arif  Babayev kimi adamlar dünyaya 100 ildən bir gəlir. O cür insanlar xalqımız, dövlətimiz, millətimiz üçün qənimətdirlər. Arif Babayev sənətimiz üçün 100-lərlə ifaçı yetişdirib. Opera Teatrında 40 ilə yaxın fəaliyyət göstərib, böyük rollar ifa edib. Böyük irs qoyub gedib, xalq mahnıları, təsnifləri, muğamları var. Böyük pedaqoq idi. İctimai xadim və şəxsiyyət idi. Arif müəllim bir nümunə idi. İndi onun barəsində arzuolunmaz fikir söyləməklə nüfuzunu aşağı salmaq olmaz. Yel qayadan nə qopara bilər? Əlbəttə, heç nə”.

M.İbrahimov qeyd edib ki, heç kəs A.Babayevin mənəvi, intellektual çəkisinə xələl gətirə bilməz:

“Xalqın ona olan sevgisi onun dəfnində də göründü, böyük izdiham yaşandı. Görünən dağa nə bələdçi?! Arif müəllim kimi insanlar tarixdə qalacaq. Ola bilsin, kimsə onun adı ilə gündəmə gəlmək istəyir. Buna bir söz deyə bilmərəm. Tamaşaçı kimi hər kəs fikir bildirə bilər. Bu, zövq məsələsidir. Kimsə “onun ifası, səsi mənim xoşuma gəlmir” deyə bilər. Bu məsələdə hər kəs azaddır. Amma Arif Babayevin sənəti haqqında hökm və rəy vermək sənət adamalarının işidir”.

Müsahibimiz qeyd edib ki, Arif Babayev kimi şəxsiyyətlərin vəfatı xalqımızın itkisidir:

“Arif müəllim kimi adamlar evdən deyil, eldən gedir. Allah onun ruhunu şad etsin. Onun fəaliyyəti və sənətinə adekvat qiymət verə bilməyən adamlar həyatda uğur qazana bilməyən insanlardır ki, başqalarının uğurunu həzm edə bilmir. Böyük insanların adı ilə gündəmə gəlmək istəyirlər. Biz böyük bir sənətkar itirmişik. O, xalqımızın qəlbində abidə qoymuş sənətkardır və qəlbimizdə daim yşayacaqdır”.

Bakıvaxtı.az


SON XƏBƏRLƏR