İndi əksəriyyət, xüsusilə qadınlar arıqlamaq üçün qeyri-sağlam yollara - arıqlama çayları, kofelər, kapsullar - üz tuturlar. Amma elə çoxu da bunun sonradan onların səhhərinə mənfi təsir edəcəyinin fərqində deyillər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a həkim-dietoloq Validə Arzu bildirib ki, bu cür çaylar, kofelər, kapsullar orqanizmə çox ciddi zərərlər verir, insan səhhətində geridönülməz fəsadlara yol açır. Onun sözlərinə görə, qeyri-sağlam yolla arıqlamaq birinci növbədə bağırsağı məhv edir:
“Bağırsaq insanın ikinci beyni sayılır. Bütün bağırsağın mikroflorasını pozur. Bununla da insanlarda mədə-bağırsaq problemləri yaranır".
Həkim-dietoloq bildirib ki, indiki dövrə insanlar hər şeyi rahat yolla əldə etmək istəyir, əziyyət çəkmək istəmirlər:
“Hamı asan yol ilə arıqlamağa üstünlük verir. Bu cür vasitələrlə arıqlamaq ürək-damar, sinir sistemində də çox ciddi problemlər yaradır”.
Müsahibimiz deyir ki, idman etmək əziyyət tələb edir, sağlam qidalanma isə vaxt tələb edir və bu da əksər insanlara sərf etmir. Əkdəriyyət istədiyi nəticəni tez bir zamanda əldə etmək istəyir, lakin heç kəs gələcəkdə baş verəcək fəsadları düşünmür.
V.Arzu bildirib ki, bəzən bu ziyanlı məhsullarla heç nəticə əldə etmiyənlər də olur. Bəzi insanlarda hormonal balans pozulur və bu da əvvəlki çəkilərindən 2-3 qat kökəlmələrinə səbəb olur.
"Sağlam qida və idmanla ömür uzanır, insan cavanlaşır, hər zaman fit qalır, daha sağlıqlı həyat sürür. Həkim-dietoloq olaraq insanlara bildirmək istəyirəm ki, insan sağlamlığından önəmli bu həyatda heç bir şey yoxdur, sağlamlığını itirən insan hər şeyini itirmiş sayılır. Ona görə də, hər zaman sağlıqlı yollara üstünlük vermək lazımdır", - deyə Validə Arzu qeyd edib.
Nuriyyə Musayeva