Azərbaycan Efiopiyadakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov etimadnaməsini Cibuti Prezidenti İsmayıl Ömər Gillehə (Guelleh) təqdim edib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfir Cibuti Prezidentinə Azərbaycan Prezidentinin səmimi salamları çatdırılıb və Cibuti Prezidenti də öz səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Eyni zamanda, Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Məhəmməd Əli Yusuf, Dəniz Limanları və Azad Ticarət Zonaları Şurasının sədri (nazir) Əbubəkir Ömər Hədi, Milli Assambleyada (parlament) fəaliyyət göstərən Cibuti-Azərbaycan Dostluq Qrupunun sədri İlaya İsmayıl, habelə Cibutidə yerləşən və Şərqi Afrika regionunun 8 ölkəsini birləşdirən İnkişaf naminə Hökumətlərarası Şuranın (IGAD – Intergovernmental Authority on Development) icraçı katibi Vorkneh Gebeyehu ilə görüşlər keçirilib.
Görüşlərdə hər iki ölkənin yerləşdiyi regionlardakı vəziyyət, o cümlədən regionda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yaratdığı yeni reallıq, Ermənistanla normallaşma prosesinin gedişatı, Azərbaycan və Cibuti arasında həm beynəlxalq, həm də ikitərəfli müstəvilərdə, IGAD-in icraçı katibi ilə region ölkələri ilə əlaqələrin inkişafı üçün atılacaq praktiki addımlar və səfərlər mübadiləsi müzakirə olunub.