• Bakı C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.7664

    RUB - 1.6896

Trampın yeni dövrü: Cənubi Qafqazda nələr baş verəcək?

SİYASƏT

21 Yanvar 2025 | 17:00

Trampın yeni dövrü: Cənubi Qafqazda nələr baş verəcək?

Donald Trampın ABŞ prezidenti olaraq ikinci dəfə hakimiyyətə gəlməsi yalnız ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə mühüm dəyişikliklərə səbəb olacaq.

2025-ci ildə Tramp "America first" yanaşmasını təkrarlayaraq xarici siyasətdə yeni bir dövrün başlanğıcını qoyur. Bu dəst-xətt xüsusilə Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyət kəsb edir. ABŞ-nin Rusiya və digər güclərlə mübarizədə yeni müstəvidə, Trampın rəhbərliyi altında regiondakı balansı dəyişəcəyi iddia edilir.

Trampın hakimiyyətə gəlməsi Cənubi Qafqazda necə təsir göstərəcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Donald Trampın ABŞ-nin 47-ci prezidenti kimi andiçmə mərasimindəki çıxışı keçmiş administrasiyaya və onun xarici siyasətinə qarşı yönəlmiş kəskin ittiham menfiesti idi:

"Tramp diqqət mərkəzində saxladığı immiqrasiya, ticarət, enerji, sağlamlıq və digər məsələlər də daxil olmaqla, bir sıra siyasət məsələləri üzrə sürətli icraedici tədbirləri özündə ehtiva edən icra sərəncamlar imzalayıb. İcra sərəncamları ABŞ-də prezident direktivlərinin ən məşhur növüdür. Prezidentlər federal qurumları qanun çərçivəsində öz vəzifələrini necə yerinə yetirəcəkləri ilə bağlı yüksək səviyyəli təlimatlar verərək, konkret tədbirlər görməyə istiqamətləndirmək üçün qanun qüvvəsi olan icra sərəncamları verirlər. İcra sərəncamları prezidentlərə məqsədəuyğun siyasət aləti təklif etsələr də, onlar sərt hüquqi və inzibati çətinliklərlə üzləşə və sonrakı administrasiya tərəfindən asanlıqla geri qaytarıla bilər. Bundan başqa, Konqres icra sərəncamını ləğv etmək üçün qanun qəbul etmək səlahiyyətinə malikdir".

Aqşin Kərimov: Rəsmi Vaşinqton Azərbaycanın sülhyaratma əməliyyatlarına dəstək verə bilər

Onun sözlərinə görə, Tramp qərarları ilə ABŞ-nin daxili siyasətdə və təhlükəsizlik sferasında dayanıqlı sistem yaradılmasını, bununla da Vaşinqtonun xarici siyasət prioritetlərini daha da gücləndirməyi hədəfləyir. Çünki Trampın qərarlarının bəziləri ABŞ-nin xarici siyasətinə dərhal təsir göstərə biləcək geniş tədbirlər planının bir hissəsidir. Bu, Trampın elan etdiyi ABŞ-nin “qızıl dövrü”nün ölkə daxilindəki və onun sərhədlərindən kənarda maraqlarının müqəddimələridir, hərçənd ki, Tramp bir sıra çətinliklərlə qarşılaşacaq.

Tramp administrasiyasının Cənubi Qafqaz strategiyasında söz açan müsahibimizin fikrincə, ciddi dəyişikliklər hiss olunmayacaq:

"Lakin ABŞ-nin Azərbaycanla əlaqədar siyasət narrativlərindəki əməli tərəflər sürprizlərlə fərqlənə bilər. Prosesə böyük obyektivdən baxanda isə, münasibətlərin ABŞ-Çin, ABŞ-Rusiya, ABŞ-İran əlaqələri fonunda qurulacağını yenə görmək olar. Buna baxmayaraq ABŞ maksimum dərəcədə Cənubi Qafqaz strategiyasındakı Azərbaycanla əlaqədar paradiqmaları özünün Rusiya və ya Çinlə fərqli regionlardakı rəqabət müstəvisindən kənarda tutmağa səylər göstərə bilər. Hərçənd ki, Tramp Çinin hərtərəfli maraqlarını sarsıtmaq istəyərsə, Pekinin Cənubi Qafqazdakı artan varlığı əleyhinə də aktivləşə bilər. Cənubi Qafqazda Vaşinqton bundan sonra Rusiya ilə rəqabətinə məsafə qoysa, bu, Vaşinqtonun Azərbaycana dəstəkləri fonunda müşayiət olunacaq. Azərbaycan-Ermənistan gündəliyinə təsirlərə gəlincə, ABŞ mümkündür ki, rəsmi Bakının sülhyaratma əməliyyatlarına, o cümlədən, Zəngəzur dəhlizinin açılması prioritetlərinə dəstəyini ifadə etsin. Bu baxımdan, ABŞ ilə Ermənistan arasında imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Xartiya" Tramp tərəfindən faktiki dondurulmuş vəziyyətə salına bilər".

Son olaraq ekspert Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Donald Trampa ünvanladığı təbrik məktubunu da şərh edib:

"İlham Əliyev Trampa təbrik məkubunda belə deyib: “Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik”. Deməli, Azərbaycanla ABŞ arasında əməkdaşlıq üçün yeni sahələrin və potensialların qiymətləndirilməsi nəzərdən keçirilir. Azərbaycan maksimal şəkildə Trampın yanaşmalarından yararlanmağa çalışaraq Cənubi Qafqazda yekun sülhə maneə olacaq “atəşkəs xətti”ni uzunmüddətli təhlükəsizlik təminatları ilə ləğv edə bilər".

Əli Hüseynov


SON XƏBƏRLƏR

21 Yanvar 2025