Hindistanın "Cox & Kings" turizm agentliyi mövcud geosiyasi vəziyyət fonunda Azərbaycana bütün turpaketlərin satışını dayandırmaq barədə qərar qəbul edib.
Bakıvaxtı.az-ın məlumatına görə, "Travomint" şirkəti də Azərbaycana turist paketlərinin satışını tamamilə dayandırdığını elan edib. Şirkət artan diplomatik gərginlik fonunda ölkələrə səyahətləri boykot etmək üçün ümummilli çağırışa dəstək verib.
Bundan başqa, "EaseMyTrip" Azərbaycanın Pakistana dəstəyini əsas gətirərək, müştərilərə Azərbaycana səyahəti yalnız zəruri hallarda nəzərdən keçirməyi tövsiyə edib.
Hindistanın bu qərarı Azərbaycanın turizm sektoruna necə təsir edə bilər? Ümumiyyətlə, Hindistandan ölkəmizə gələn və ölkəmizdən Hindistana gedənlərin sayı ilə bağlı vəziyyət necədir?
Mövzu ilə bağlı "Azərbaycan turizm blogerləri Assosiasiyası" İctimai Birliyinin üzvü, səyahət blogeri Azər İsmayıl Bakıvaxtı.az-la öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Azərbaycana gələn turistlər arsında hindistanlıların bazar payı təxminən 10 faiz təşkil edir:
"Bu ilin yanvar, fevral və mart aylarında hər ay üzrə təqribən 17 min hindistanlı turist ölkəmizə gəlib. Hazırda AZAL və "İndiGo" aviaşirkəti tərəfindən Bakıdan Hindistanın Mumbay şəhərinə və paytaxtı Yeni Dehliyə birbaşa uçuşlar həyata keçirilir. "İndiGo" aviaşirkətində Yeni Dehlidən Bakıya və əks istiqamətdə gündəlik uçuşlar mövcuddur. AZAL isə həftədə bir neçə dəfə hər iki şəhərə uçuş həyata keçirir. Hindistanın böyük şirkətlərinin tətbiq etdiyi məhdudiyyət mövcud siyasi gedişat fonunda müəyyən mənada başadüşüləndir. Sadəcə Hindistanda fəaliyyətdə olan yalnız adı çəkilən şirkətlər deyil".
Səyahət blogeri bildirib ki, Azərbaycandan Hindistana gedən turistlərin sayı çox azdır və heç ilk beşliyə daxil deyil.
"Azərbaycandan Hindistana gedən turistlərin əksəriyyəti Hindistanı tranzit kimi istifadə edirlər. "İndiGo" şirkəti vasitəsilə Yeni Dehliyə gedirlər. Oradan isə Asiya ölkələrinə səyahət edirlər".
Azər İsmayıl: Azərbaycandan Hindistana gedən turistlərin sayı çox azdır və heç ilk beşliyə daxil deyil
Müsahibimiz vurğulayıb ki, bütün hallarda hindistanlı turistlərin Azərbaycana gəlməsinə qadağa qoyulması yerli bazarda 10 faiz itirmək deməkdir və bu, ölkəmizdə turizmin inkişafına ciddi təsir göstərə bilər. Sözügedən məhdudiyyətin Hindistana isə heç bir ciddi təsiri yoxdur.
Azərbaycanın Hindistan bazarını itirməsi ehtimalı fonunda yarana biləcək vəziyyəti şərh edən A.İsmayıl hesab edir ki, bu halda illik təxminən 200 mindən bir qədər çox sərnişin itiriləcək. Lakin bunu çox asanlıqla kompensasiya etmək mümkündür. Belə ki, quru sərhədlər açılarsa, İran, Türkiyə və Rusiyadan gələn turistlərin sayı dəfələrlə artacaq:
"Quru sərhədlər açılmasa belə, Azərbaycanla İran arasında aviadaşınmaların sayı artarsa, bu halda İran turistləri itirilmiş hindistanlı turistlərinin yaratdığı boşluğu doldura bilər. Hazırda Azərbaycandan yalnız Tehrana uçuş mövcuddur. Bu uçuş həftədə 1 dəfə AZAL tərəfindən, 1 dəfə isə İran hava yolları tərəfindən həyata keçirilir. Əgər İranla aviadaşıyıcılığın tezliyi artırılarsa və gündə ən azı 1 dəfə uçuş baş tutarsa, ölkəmizə gələn turistlərin sayı arta bilər".
Gülşən Şərif