• Bakı 13° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Bakı yağışa təslim oldu

CƏMİYYƏT

22 Oktyabr 2024 | 17:00

Bakı yağışa təslim oldu

Son iki gün ərzində Bakı və ətraf ərazilərdə baş verən anomal hava şəraiti ciddi fəsadlar yaradıb.

Güclü küləklər və yağışlar şəhərdə bir sıra infrastruktura ziyan vurub, avtomobil yollarında təhlükəli vəziyyətlərə səbəb olub, habelə ağacların aşması və tikililərin zədələnməsi halları qeydə alınıb. Təəssüf ki, baş verən hadisələr ən acı nəticə ilə - ölümlə sonlanıb. Bu cür təbiət hadisələri zamanı təhlükəsizlik tədbirlərinə daha çox diqqət yetirmək vacibdir.

Məsələnin əhəmiyyəti Bakı şəhərinin infrastrukturu və ictimaiyyətin məlumatlandırılması səviyyəsinin artırılmasına təkan verir. Bu cür təbiət hadisələri zamanı təhlükəsizlik tədbirlərinə daha çox diqqət yetirmək vacibdir. Şəhər rəhbərliyi və müvafiq xidmətlər əhalini belə hallar zamanı davranış qaydaları barədə vaxtında məlumatlandırmalı, öncədən tədbirlər görməlidir. Xüsusilə, binaların möhkəmləndirilməsi, riskli ağacların budanması, su axarlarının təmizlənməsi kimi profilaktik işlər daha geniş miqyasda aparılmalıdır.

Anomal hava şəraitində ən önəmli xüsus isə yolların təhlükəsizliyinin təmin edilməsidir. İctimai nəqliyyatın hərəkəti ilə bağlı lazımi tənzimləmələr edilməlidir. Həmçinin, əhalinin təhlükəsizlik üçün mütəmadi xəbərdarlıq sistemləri vasitəsilə məlumatlandırılması və fövqəladə hallar üçün ehtiyat tədbirlərinin görülməsi vacibdir.

Ortaya sual çıxır: Azərbaycanın yol infrastrukturu bu tip təbiət hadisələrinə nə qədər dözümlüdür?

Mövzu ilə bağlı Bakıvaxtı.az suallarını nəqliyyat eksperti Aslan Əsədova ünvanlayıb.

Mütəxəssis bildirib ki, Bakı şəhərinin yol infrastruktru sovetlərdən qalan "miras"dır:

"Paytaxtımızın yol-nəqliyyat infrastrukturu ötən əsrin 70-80-ci illərində qurulub. Yəni, yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin qurulması məhz bu dövrə təsadüf edir. Müstəqillik dövründə baş vermiş iqtisadi çöküş dönəmi də bu sahədə islahatların aparılmasına maneə oldu. Bakıda kütləvi məskunlaşma, yeni binaların inşası kanalizasiya şəbəkələrinin bərabər səviyyədə inkişaf etməsində böyük əngəl törədib. Bugünkü xoşagəlməz hadisələrin də səbəbi sözügedən problemlərdir. Çünki nəqliyyat sahəsinə nəzarətlə digər mövzularda həyata keçirilən tədbirlər paralel formada aparılmayıb. Hər şey zəncirvaridir".

Aslan Əsədov: Şəhər infrastrukturunun bərpası üçün resursların səfərbər edilməsi vacibdir

Aslan Əsədovun fikrincə, bu gün nəqliyyat sahəsinin inkişafında, xüsuilə yağışlı havalarda baş verən problemlərin aradan qaldırılmasında atmosfer çöküntüləriin idarə olunması aparıcı rola malikdir. Eskpert Avropada bu sistemin tətbiqindən söz açıb:

"Avropa təcrübəsində yağış sularının təkrar emalı, texniki su kimi istifadə olunması kimi hallar müşahidə olunur. Bugünkü gündə biz qeyd edilən amilləri nəzərə almalıyıq və yeniliklər tətbiq etməliyik".

Son olaraq müsahibimiz qeyd edib ki, bütün fəsadların aradan qaldırılması üçün genişmiqyaslı tədbirlər görmək mümkündür:

"Şəhər infrastrukturunun bərpası üçün həm texniki resursların, həm də insan qüvvəsinin səfərbər edilməsi vacibdir. Həmçinin, gələcəkdə belə fəsadların qarşısını almaq üçün müasir texnologiyalar və qabaqlayıcı tədbirlər proqramı hazırlanmalıdır".

Əli Hüseynov


SON XƏBƏRLƏR