• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bu kitab da Nobeli Azərbaycana gətirməsə… - Gənc yazıçıdan İDDİALI MÜSAHİBƏ

MÜSAHİBƏ

26 Iyul 2023 | 12:20

Bu kitab da Nobeli Azərbaycana gətirməsə… - Gənc yazıçıdan İDDİALI MÜSAHİBƏ

Gənc yazıçı Nurlan Yunusov Bakıvaxtı.az-a müsahibə verib.

Fikirlərimi beynimə ağırlıq etməsin deyə yazıram

- Azərbaycan oxucusu üçün Nurlan Yunusov kimdir?

- Nurlan Yunusov daha çox səssiz biri olaraq yadda qalıb oxucular üçün. İlk kitabım "Kommunist qadın" olsa da, daha çox "Dirilər məzarlığı" ilə yadda qaldım, fikrimcə. Çünki "Kommunist qadın " kitabımı bir çox kitab mağazası satılmaqdan imtina etdi o zamanlar. Məhs adına görə. Təbii ki, sonralar ikinci nəşr təklifləri də gəldi.

“Dirilər məzarlığı” isə daha çox uğur gətirdi mənə. Zamanla “Peterburqdan məktublar” kitabım iki dəfə nəşr olundu.

Hələlik isə yolun başındayam. Azərbaycan oxucusuna daha gözəl kitablar təqdim edəcəyəm irəliləyən illərdə.

- Qısa zaman kəsiyində bir neçə kitab yazmısınız. Bir oxucunuz kimi deyə bilərəm ki, yazdıqlarınız maraqla qarşılanır. Əsərlərinizin belə uğurlu olmasının sirri nədi?

- Bütün uğur hekayələrinə baxsanız ortaq bir cəhət görərsiz: Mübarizə... Mən mübarizəni sevirəm və hər gün oxucuma daha yaxşı yazılar təqdim etmək üçün çalışıram.

Bu, yaşam mübarizəsində də belədi. Əgər insan dünənindən bu gün bir addım öndə deyilsə, deməli, boş yaşayır. Hər gün mütaliə etmək, bir neçə səhifə yazmaq vərdiş halına gəlib məndə. Əlbəttə, bunun nəticəsi kimi uğur qazanmaq təəccüblü olmamalıdır. Üstəlik yaş irəlilədikcə insanın həyata baxış bucağı dəyişir. Daha məntiqli və daha dəqiq yazmağa başlayırsan. Belə olan halda uğur qazanmaq mümkün olur.

- Ümumiyyətlə, yazdıqlarınızın belə reaksiya doğuracağını gözləyirdiniz?

- Səmimi olmaq lazımdırsa, yox.

“Peterburqdan məktublar” kitabımın arxasında bir yazı var: "Heç kəs ürəyindəkiləri daşıya biləcək qədər güclü deyil. Hər kəsin qəlbindəkiləri anlatmağa bir dost, bir sevgili, bir yoldaşa ehtiyacı var. Bu kitab danışacaq kimsəsi olmayan bir yazarın məktublarıdır".

Bu, həqiqətən mənim yaşamış olduğum yoldur. Danışacaq kimsəm olmadığı üçün yazmağa başladım. Sadəcə beynim və ürəyim partlamasın deyə.

Kitab halında çap etdirmək haqqında düşünməmişdim. Sonra bir dostum yazılarımı gördü və çap etdirməyi təklif etdi. Maraqla qarşılandığını gördüyümdə isə davam etdim.

Elə indi də beynimə ağırlıq etməsin deyə yazıram fikirlərimi. Görünür, mənimlə həmfikir olan xeyli insan var ki, kitablarıma maraq var.

Yazarın özünü tanıtmağı üçün yaxşı yazmağı bəs edir

- Yəqin siz də fərqindəsiniz, son zamanlar kitaba qayıdış hiss olunur...

- Bəli, son zamanlar təşkil edilən kitab sərgilərindən hiss olunur ki Azərbaycanda kitaba maraq artır. Bu, təkcə yazıçı kimi deyil, həm də bir vətəndaş olaraq məni sevindirir. Demək ki, xalqımız inkişaf etmək yolundadır. Sosial media və internetin bu qədər aktiv olduğu zamanda kitaba maraq olması təqdir edən haldı.

 Kitab sərgilərinin daha çox təşkil edilməsinin və kitabların daha çox təbliğ olunmasının tərəfdarıyam.

- Kitablarınızın satışını necə təşkil edirsiniz?

- Kitab satışının təşkili haqqında şikayətlərim var mənim. Mən çox zaman özüm təşkil edirəm. Hər nə yolla olursa-olsun oxuculara kitabları çatdırmaq istəyirəm.

Kitab mağazaları ilə müqavilə imzalamaq sözün əsl mənasında problemdir. Bir çox kitab mağazasında satışımız var bu gün. ƏDV nin ləğvi kitab satışına böyük dəstək oldu deyə bilərəm. Gənc yazarlar bu baxımdan çox əziyyət çəkir. Təbii ki, dəstək olan nəşriyyatlar və kitab mağazaları da var. Ancaq barmaqla sayılacaq qədər azdır. Daha yaxşı olacağını düşünürəm irəliləyən zamanlarda.

- Bir dəfə kitab sərgisində kitabınızın bir oxucu tərəfindən götürüldüyünü, “amma yazarın qələmini tanımadığım üçün almağa çəkinirəm" dediyinin şahidi olmusunuz. Və bundan üzüldüyünüzü qeyd etmisiniz. Daha sonra “"Xarabalıqda Vals" romanınızı PDF şəklində oxucuların ixtiyarına verdiniz...

 - Bu, Sumqayıtda təşkil edilmiş kitab sərgisində baş vermişdi. Satışla məşğul dostlar bunu mənə dedilər və sözün əsl mənasında üzüldüm. Buna görə qərara gəldim ki, bir romanı PDF formada təqdim edim. Başlarda bu qərarıma etiraz edən dostlarım oldu. Çünki bir kitabı yazmaq üçün illər sərf etmək lazımdır. Nəticədə qarşılığını almaq istəyir hamı. Mənim qarşılıqsız belə addım atmağım çevrəm tərəfindən məntiqsiz adlandırdı. Lakin bu addım mənə xeyli sayda oxucu qazandırdı. Otuz mindən çox PDF formada oxuyan insanı görəndə və digər kitabların satışında gözə çarpacaq qədər çoxalma olanda hamı doğru addım atdığımı dedi.

- Bir yazarın özünü tantması üçün nə lazımdır?

- Yazarın özünü tanıtmağı üçün yaxşı yazmağı bəs edir. Oxucu yaxşı, maraqlı yazılar istəyir. Haqlıdı heç şübhəsiz. Günün tələblərinə uyğun yazaraq müvəqqəti uğur qazanmaq mümkündür əslində. Amma kitabınızın ailə rəfində yer almağını, tanınmaq və yadda qalmaq istəyirsizsə, yaxşı yazmağa məcbursuz. Beləcə həm tanınacaq, həm də illər sonra da xatırlanacaqsız.

Ədəbi mükafat əgər layiq olana verilirsə stimul verər

- Bir yazıçı kimi nəşriyyatlarla necə yola gedirsiniz? Razısınızmı onların işindən?

-  Təəssüf ki, burda da narazılıq etməyə məcbur olacam. Çünki bəzi nəşriyyatlar tanışııq ilə çalışır. Bir də bu azmış kimi təbliğ edirlər çap etdikləri tanışlarının "kitablarını." Bu da insanı bəzən həvəsdən salır. Lakin oxuculara həqiqi kitab çatdırmaq üçün mübarizəyə davam edirik. Çalışdığım bir neçə nəşriyyat var və birtəhər yola gedirik. Çox mehriban olduğumuz isə deyilə bilməz.

- Ədəbi mükafatlar əbəbiyyat adamına nə verir?

-  Bu suala qısaca cavab vermək istəyirəm. Əgər həqiqətən layiq olana verilirsə stimul verər. Layiq olanlara verilməsini xahiş edirəm. Bu qədər.

- Dostlarla söhbətlərdə Nobel mükafatı gətirəcək bir şey yazdığınızı demisiniz. İş gedirmi?

- Bu mövzuda həqiqətən iddialıyam. Bir ilə yaxın müddətdir kitab üzərində işləyirəm. Bu kitab da Nobeli Azərbaycana gətirməsə, bir daha Nobel mükafatının bizim ölkəyə gələcəyinə ümidim yoxdur. Əlbəttə ki, bu mövzu dəstək olunmalı mövzudu və dəstək tapsaq, dünya arenasına çıxa bilsək gözəl hadisələr olacağına şübhəm yoxdur.

Bəlkə Elza Seyidcahan da bir zaman sonra dahi kimi qəbul ediləcək

- Son günlər ədəbiyyat cameəsində daha çox müzakirə olunan məsələ Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv olmasıdı. Bir yazar kimi necə qarşıladınız bunu?

- Bütün dahilər öz zamanında başa düşülmür. Bəlkə Elza Seyidcahan da bir zaman sonra dahi kimi qəbul ediləcək nə bilmək olar. Dövrümüz üçün isə deyə bilərəm ki, Elza Seyidcahan ən azından nəsə yazır. Pis və ya yaxşı müzakirə olana bilər. Nə yazdığını bilmədiyimiz insanlar yazıçılar birliyinə üzv olunub və heç kim onları tanımır. Məncə bunları müzakirə etmək lazımdır.

- Deyəsən, AYB-yə üzv üçün şərtlərdən biri də namizədin 3 kitabının olmasıdır. Sizdə isə 3-dən çoxdu. Yazıçılar Birliyinə üzv olmağı planlaşdırırsınız?

- Hələ ki, belə bir şey düşünmürəm. Dostlarımdan biri bunu sual olaraq vermişdi mənə. Mən o zaman da belə cavab verdim. Yazıçı ruhən azad olmalıdır. Hər hansı bir yerə bağlı qala bilməz. Bu, birlik də ola bilər, quruplaşma da. İstər-istəməz oranın şərtlərinə ayaq uydurmağa məcbur olursan. Mən isə belə insan deyiləm. Əgər düşüncəmi dəyişərək, yaxud düşündüyüm kimi deyil yumşaq şəkildə deməyə məcbur qalacamsa yazmaram daha yaxşıdı.

Kitab oxumaq bir mədəniyyətdir və hər kəs mədəni ola bilməz

- Və sonda oxuculara sözünüz...

- Bütün oxuculara xoş mütaliə arzu edirəm. Oxumaq bir mədəniyyətdir və hər kəs mədəni ola bilməz. Bizim xalq mədəni xalqdır və oxuyun. Daha gözəl kitab səhifələri arasında görüşmək diləyi ilə. Əgər bir gün mənim kitabım əlinizə düşsə və oxusanız, bəyənsəniz biləcəyəm ki bu vətən, insanlıq üçün nəsə etmişəm.

Murad Məmmədli


SON XƏBƏRLƏR

26 Iyul 2024