• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9277

    RUB - 2.0509

Çinlə inkişaf edən əməkdaşlıq modeli: Azərbaycan yeni siyasi və beynəlxalq əlaqələr platforması yaradır

SİYASƏT

24 Aprel 2025 | 15:35

Çinlə inkişaf edən əməkdaşlıq modeli: Azərbaycan yeni siyasi və beynəlxalq əlaqələr platforması yaradır

“Çin-Azərbaycan münasibətlərinin tarixinə baxsaq, şahidi olarıq ki, İpək yolu əsrlər boyunca Qafqaz coğrafiyasında qurulmuş dövlətlərlə Çini birləşdirən mühüm bir yoldur. Bu yol vacib münasibətlərin kontekstini təşkil edib”.

Bunu Bakıvaxtı.az-a Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu Azərbaycan prezidenti İlham Əliyevin Çinə rəsmi səfərinin strateji əhəmiyyətini şərh edərkən bildirib.

O qeyd edib ki, arxeoloji qazıntılar zamanı Azərbaycanda müxtəlif dövrlərdə, müxtəlif yerlərdə Çin mənşəli keramika, ipək parçaları aşkarlanıb:

“Bunlar da xüsusilə Qərb, Xorasan, Qafqazda aşkarlanıb. Hətta Tan sülaləsi dövründən etibarən qədim dövrün sənədlərində əks olunan bir ticari münasibətlər mövcuddur. Bu da Azərbaycanda qurulmuş olan dövlətlərlə Çin arasındakı ticari münasibətlərin qədimliyini ortaya qoyur. Keramika sənətimizdə naxış və rəng texnikası baxımından Çin sənətinin təsiri olduğunu qeyd edə bilərik”.

Müsahibimiz vurğulayıb ki, müstəqillikdən sonra Çinlə Azərbaycan arasında mədəni, iqtisadi, strateji baxımından əlaqələr getdikcə inkişaf edib:

“1992-ci ildə diplomatik münasibətlər qurulduqdan sonra mərhum ümumilli lider Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri əməkdaşlıq haqqında müxtəlif razılaşmalarla yadda qalmışdı. Daha sonra 2005-ci il, 2015-ci ildə cənab İlham Əliyevin Pekinə səfərləri baş tutdu. Ən son “Bir kəmər bir yol” forumunda Çin lideri ilə Azərbaycan prezidentinin görüşü zamanı nəqliyyat dəhlizləri üzrə əməkdaşlığa dair razılaşmalar əldə olundu ki, bu da çox mühümdür. Azərbaycan ikitərəfli ticarət və xüsusi ilə Orta dəhliz məsələsində çox önəmli ölkə olaraq ön plana çıxır. İpək yolu çərçivəsində Asiya ilə Avropanı bağlayan bir önəmli ölkə olaraq Azərbayan Çinin Avropa ticarəti və bölgə ticarətində mühüm yer tutur”.

Azərbaycanın strateji coğrafiyada yerləşdiyini vurğulayan T.Nüsrətoğlu diqqətə çatdırıb ki, cənuba doğru gedəndə Yaxın Şərqdə, şimala doğru gedəndə Ukrayna-Rusiya müharibəsi etibarilə qeyri-sabitlik müşahidə olunur:

“Çinin Avropa ticarət yolları baxımından. Orta dəhliz ön plana çıxır və sabitlik adası kimi Azərbaycanın Qafqazda yaratmış olduğu türk dövlətlərinin Türküstandakı mövqeyi də Orta dəhlizin önəmini artırır. Xüsusilə “Bir kəmər bir yol” layihəsi çərçivəsində daha da inkişaf edən əlaqələr nəticəsində 2019-cu ildə 2 milyard 184 milyon dollarlıq ticarət dövriyyəsi əmələ gəlmişdi. 2024-cü ildə açıqlanan rəqəmlərə baxsaq, bu rəqəmlər 20,7 faiz artaraq, 3,7 milyard dollara qədər yüksəlib. Bu da böyük bir inkişaf stategiyasıdır. Bakı-Tbilisi-Qars dəmir yolu Orta dəhlizə ayrı bir önəm qazandıracağını indidən qeyd edə bilərik. Azərbaycan regional sabitlik və çoxqütblü dünyaya önəm verir. Fərqli aktyorların yeni siyasi və beynəlxalq əlaqələr platforması yaratmağa çalışır”.

Telman Nüsrətoğlu: Çinin “Bir kəmər bir yol”a daha ciddi dəstək verməsi bizim üçün zəruridir

Həmsöhbətimiz vurğualyıb ki, Çin İran daxil olmaqla Yaxın Şərqdəki neftdən asılıdır:

“Yaxın Şərqdə neft tədarükü zəncirinin pozulmaması Çinin maraqları baxımından vacibdir. Azərbaycan genişlənən, öz coğrafiyasını aşan bir təsir gücü ilə yanaşı demoqrafiya olaraq ön plana çıxır. Bu mənada da Çin kimi gələcəyin super gücü olacaq dövlətin diqqətini cəlb edir. Orta dəhliz Türkiyə ilə Çin arasındakı daşıma müddətini 10 günə qədər azaldır və cənab prezidentin də forumda qeyd etdiyi kimi ən az maliyyəli və ən az zamanla Avropaya daşımalar həyata keçirən marşrutdur. Bakı-Tbilisi-Qars Zəngəzur dəhlizinin açılması ilə daha da yükdaşıma qabiliyyətini artıracaq. Bu, Çin-Azərbaycan münasibətlərinə daha da ayrı bir xarakter verir. Təsadüf deyil ki, prezident İlham Əliyevə Çinə etdiyi əvvəlki səfərlərinin birində Renmin univeristetində tarix üzrə fəxri professor diplomu da verilmişdi”.

O əlavə edib ki, Azərbaycan-Çin münasibətlərinin mədəni təsir müstəvisi də var:

“Çin ali təhsil müəssisələri dünyanın aparıcı universitetləri siyahısına daxil olurlar. Çində çox ciddi texnoloji və elmi yüksəliş mövcuddur. Universitetlər arasında qarşılıqlı əlaqələr, tələbə mübadiləsi mühümdür. İmzalanan sazişdə bu da nəzərdə tutulur. Çinin Azərbaycana yatırımlar etməsinin asanalaşdırılması, nəqliyyat dəhlizi üzrə sadələşmiş mexanizmlərin tətbiqi, vizasız rejimə keçirilməsi çox mühümdür. Azərbaycan universitetlərində artıq Konfutsi institutu vasitəsilə Çin dili öyrədilir. Eyni zamanda Çində də Azərbaycan dili və ədəbiyyatı bölümləri fəaliyyət göstərir, eləcə də mərkəzlər qurulub. Bu da mühümdür”.

Telman Nüsrətoğlu qeyd edib ki, Çin şirkətlərinin Azərbaycanda infrastruktur layihələrində iştirakı, Çinin “Bir kəmər bir yol”a daha ciddi dəstək verməsi bizim üçün zəruridir. Türk dövlətləri ilə iqtisadi-siyasi əlaqələrin genişləndirilməsi Çinin maraqları daxilindədir. Azərbaycanda Türk Dövlətləri Təşkilatında önəmli bir gücdür. Bu da Çin-Azərbaycan münasibətlərinə ayrı bir xarakter bəxş edir.

“Çinlə Azərbaycan arasında inkişaf edən əməkdaşlıq modeli görürük. Cənab prezidentin Çinə son səfəri müttəfiqliklə yanaşı, daha dərin münasibətlər sisteminin inşa olunduğunu açıq şəkildə təzahür etdirir”, - deyə Telman Nüsrətoğlu əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR