Müasir dövrdə gənclərlə valideynlər arasında yaranan emosional və kommunikativ boşluq bir çox ailənin əsas problemlərindən birinə çevrilib. Valideynlərlə dostcasına münasibət qura bilməyən gənclərin iç dünyasında yığılıb qalan duyğular bəzən onları çıxış yolu kimi evdən qaçmağa sürükləyir.
Ötən günlərdə Sabunçu rayonunda baş verən hadisə bunun bariz nümunəsidir. 16 yaşlı Aygün Hüseynovanın bibisindən gizli şəkildə aldığı telefonun atasına məlum olması qorxusu, onu evdən uzaqlaşmağa vadar edib. Ata-qız münasibətindəki sərtlik, yetkinlik yaşına çatmış bir yeniyetmənin hələ də öz hisslərini və ehtiyaclarını valideyninə açıq şəkildə ifadə edə bilməməsi, gənc qızın qaranlıq bir qərarla evdən çıxmasına səbəb olub.
Bəs valideynlər övladları ilə niyə həm də dost ola bilmirlər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Günay Kərimi bildirib ki, son zamanlar yeniyetmələrin evdən qaçmasının əsas səbəbi ailədaxili münasibətlərdir. Lakin ən başlıca amil valideynlə övlad arasında dialoqun olmamasıdır.
Onun sözlərinə görə, valideynlər övladları ilə dost olmağı bacarmırlar:
"Yeniyetməlik dövrü uşaqların ən çətin mərhələsidir. Bu dövrdə uşaqlar həm özlərini tanımağa, həm də gələcək məqsədlərini formalaşdırmağa çalışırlar. Məhz bu mərhələdə valideyn və övlad arasında bir sıra anlaşılmazlıqlar baş verir. Çünki valideyn övladının böyüməsini qəbul etməkdə çətinlik çəkir. Valideyn istəyir ki, övlad onun sözünü dinləsin və dediyi kimi davransın. Övlad isə öz fikirlərini həyata keçirmək istəyir".
Psixoloq qeyd edir ki, valideynlər bu məsələdə olduqca həssas və diqqətli davranmalıdır:
"Yeniyetməlik dövründə valideynlər övladları ilə yalnız ana-ata münasibətində deyil, həm də dost münasibətində olmalıdırlar. 10-16 yaş aralığında səbrli olmaq vacibdir. Anlayış göstərmək, onları dinləmək və başa düşmək lazımdır. Eyni zamanda, övlad da valideyni anlamalı və qarşılıqlı dialoq formalaşdırılmalıdır".
Günay Kərimi: Valideyn istəyir ki, övladı onun dediyi kimi davransın, övlad isə...
Həmsöhbətimiz bildirib ki, yeniyetmələrin evdən və ailədən uzaqlaşmasının bir çox səbəbi olsa da, əsas səbəb valideyn-övlad münasibətlərindəki çatışmazlıqlardır:
"Bəzən qız uşaqları kimlərləsə tanış olur, onlara qoşulur və nəticədə düşünülməmiş addımlar atırlar. Amma hər halda bu qərarların kökündə valideyn-övlad münasibətindəki problemlər dayanır".
"Əgər övladınızda hər hansı narahatlıq və ya kefsizlik hiss edirsinizsə, onunla söhbət etməyə, dərdləşməyə və dostluq münasibəti qurmağa çalışın. Beləliklə, övladınız sirlərini və problemlərini kənarda deyil, məhz ailə daxilində sizinlə bölüşəcək. Onun dərdinə dərmanı küçədə yox, evdə tapması üçün şərait yaradın", - deyə Günay Kərimi bildirib.
Nuriyyə Musayeva