• Bakı 11° C

    12.73 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.017

COP29 öz bəhrəsini qısa zamanda göstərəcək - MÜSAHİBƏ

COP29

16 Noyabr 2024 | 13:13

COP29 öz bəhrəsini qısa zamanda göstərəcək - MÜSAHİBƏ

Artıq 6 gündür ki, ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 öz işini davam etdirir. Tədbir çərçivəsində dünyanı narahat edən problemlər müzakirə olunur, qarşılıqlı əməkdaşlıq çərçivəsində danışıqlar aparılır.

Hazırda dünyanın diqqət mərkəzində olan COP29-la bağlı deputat Tahir Rzayev Bakıvaxtı.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Tahir bəy, Ermənistanın COP29-a qatılmamasının səbəbi nədir?

- Ermənistanın COP29-a dəvət almasına baxmayaraq, bu tədbirdə iştirak etməməsinin əsas səbəbi ölkənin müstəqil siyasət yürütməməsi və digər ölkələrin diqtəsi ilə hərəkət etməsidir. Sözsüz ki, Ermənistanın baş naziri və eləcə də nümayəndə heyətinin tədbirə gəlməməsi gözlənilən idi. Çünki bu gün Qərb, Avropa və xüsusilə Fransa Ermənistan siyasətini açıq şəkildə idarə edirlər. Ermənistanın dövlətçilik tarixi yoxdur. Bu ölkə daima başqalarının kölgəsinə sığınıb və bu gün də həmin ənənəni davam etdirir. Əslində Ermənistanın COP29-da təmsil olunması onun xeyrinə ola bilərdi.

- Fransa da COP29-a qoşulmadı...

- Cənab prezident İlham Əliyevin səsləndirdiyi kimi, bu tədbirdə dünyanın 196 ölkəsindən 72 mindən çox insan iştirak edir. Bu insanların arasında 80 ölkənin prezidenti, vitse-prezidenti və baş naziri var. Bu, Azərbaycana göstərilən etimadın yeni nümunəsidir. Çünki COP29-a hazırlıq müddətində Fransa başda olmaqla, bir çox ölkələr, Qərb və Avropa ölkələri bu beynəlxalq tədbiri boykot etməyə səy göstərdilər. Onlar şər və böhtan kampaniyası apararaq, hər vasitə ilə əngəllər törətməyə çalışdılar. Lakin onların mənfur niyyətləri alınmadı. Azərbaycan prezidentinin qətiyyəti, dünyaya verdiyi bəyanatlar, göstərdiyi təşkilatçılıq tədbirə yüksək səviyyədə hazırlıq bütün maneələri məhv etdi. Deyildiyi kimi, bu gün artıq dünya Bakıdadır və COP29 uğurla keçirilir.

- Prezident İlham Əliyev COP29-da çıxışı zamanı dünyaya hansı mesajları verdi?

- Ölkə başçısı öz çıxışında ikilistandartlara, dünyada gedən ədalətsizliklərə üsyan etdi. O bildirdi ki, bir çox ölkələr COP29-un Azərbaycanda keçirilməsinə səs verdikləri halda, sonradan tədbiri boykot etməyə cəhd göstərdilər. Bu isə beynəlxalq tədbirin prinsiplərinə ziddir. Çünki COP Birləşmiş Millətlər Təşkilatının (BMT) çox mühüm bir tədbiridir. Bu tədbir bilavasitə iqlim dəyişiklikləri ilə əlaqədar dünyada yaranan problemlərin qarşısının alınmasına, dünyada əməkdaşlığın möhkəmləndirilməsinə, dövlətlərin bir-birinə qarşı sağlam münasibətlər bəsləməsi zəminində ciddi çətinliklərin aradan qaldırılmasına xidmət edir. Əgər tədbirdə iştirak etməyən dövlətlər bunun mahiyyətini dərindən anlamırlarsa, ilk növbədə, BMT-yə hörmətsizlik edirlər.

İlham Əliyev çıxışı zamanı Azərbaycanın qazandığı nailiyyətlərə, dünyada gedən proseslərə ciddi əhəmiyyət verməsinə, dünyada sülh və əmin-amanlığın yaradılaraq problemlərin aradan qaldırılmasına böyük önəm verdiyini vurğuladı. O, həmçinin ikilistandartların bəşəriyyət üçün bir faciə olduğunu qeyd etdi. Əlbəttə ki, bu, təkcə tədbir iştirakçılarına verilən mesaj deyildi. Bu, dünyaya və dünyanı problemlər qarşısında qoyan, dildə demokratiya, azadlıqdan və insan hüquqlarından danışan böyük dövlətlərə verilən mesaj idi. Həmin dövlətlər sözügedən problemlərin bilavasitə yaranmasına səbəbkardılar. Bu dövlətlər beynəlxalq normalara, bəşəri ideyalara dönüklük göstərirlər.

- COP29 Azərbaycana nə qazandıracaq?

- Hazırda COP29 tədbirləri davam edir. Bu tədbirlərdə çox mühüm və əhəmiyyətli sənədlər imzalanacaq. Dünyanı təhlükə qarşısında qoyan səhralaşmanın, iqlim dəyişikliklərinin, yanğınların, insan tələfatlarının, yoluxucu xəstəliklərin qarşısının alınması üçün yollar axtarılacaq. Sözsüz ki, Bakıda keçirilən COP29 öz bəhrəsini qısa zamanda göstərəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR