Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Böyükşor, Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev söyləyib.
O bildirib ki, dəmiryol xətti çəkilərkən mütləq mühafizə zolağı da ayrılır. Bu zolağın eni 20 metrdən 100 metr, bəzi yerlərdə daha artıq sahəni əhatə edir və xüsusilə yanğın təhlükəsizliyi, qəza kimi hadisələr nəzərə alınaraq ayrılır.
“Azərbaycan Dəmir Yolları” QSC qanunsuz olaraq tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır, qanunsuz tikililər aşkar edildikdə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verilir. Dəmir yolları ətrafındakı qanunsuz tikililər dövlət layihələrinin həyata keçirilməsinə də əngəllər yaradır. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərin yenidən qurulması, təkmilləşdirilməsi nəzərdə tutulur. Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidməti və təmir işlərini çətinləşdirir. Qeyd edilən sıx məskunlaşma sakinlərin həyatını riskə atır, bu ərazilərdə qatarların qarşısına qəfil insan və heyvan çıxma halları intensivləşir, bu da təəssüf ki, bəzən faciə ilə nəticələnir. Sıx məskunlaşma, həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir edir. Nəzərə almaq lazımdır ki, sutka ərzində bu xətlə orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər arası təşkil edir”, - deyə o vurğulayıb.
B.Hacıyevın sözlərinə görə, ərazidə 161 qeyri qanuni tikilmiş ev var: “Burada ümumilikdə 156 ailə (543 nəfər) yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. Bunlardan 54 ailənin başqa ünvanda evi var. 11 nəfər isə oradakı evini kirayəyə verib. Bu evlər sənədsizdir, qeyri-qanuni tikilib”.