Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibə dördüncü ilinə qədəm qoyarkən tərəflər barışa dair növbəti müzakirə turu üçün bu gün İstanbulda bir araya gəlirlər.
Danışıqların əvvəlki iki raundu kimi bu görüş də Türkiyənin vasitəçiliyi və diplomatik təşəbbüsü çərçivəsində baş tutur. Bu proseslər region ölkələrinin, o cümlədən Azərbaycanın da diqqət mərkəzindədir.
Ukrayna Prezidenti Volodimir Zelenski artıq bir neçə dəfə Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşə hazır olduğunu bəyan edib. Zelenski müzakirələrin gündəmində əsir mübadiləsinin də yer ala biləcəyini bildirib. Kremlin sözçüsü Dmitri Peskov isə danışıqların “çətin keçəcəyini” və “möcüzə gözləməmək lazım olduğunu” deyərək, prosesə münasibətdə ehtiyatlı yanaşmanı nümayiş etdirib. Tərəflər arasında son görüşlərdə Ukrayna ən azı üç ay müddətinə qeyd-şərtsiz atəşkəs təklif etsə də, Rusiya bu təklifə yalnız “iki-üç günlük regional qismən atəşkəslə” cavab vermişdi.
Bu fonda Azərbaycan üçün əsas sual ondan ibarətdir ki, danışıqların mümkün nəticələri regional təhlükəsizlik arxitekturasına necə təsir göstərə bilər?
Azərbaycan bu münaqişədə ilk gündən neytral, balanslı və prinsipial mövqe tutub. Rəsmi Bakı humanitar dəstəklə yanaşı, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan edib, eyni zamanda Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır. Bu kontekstdə Rusiya-Ukrayna danışıqlarının nəticəsindən asılı olaraq, Azərbaycanın həm diplomatik fəallığına, həm də enerji və nəqliyyat marşrutları üzrə oynadığı rola yeni imkanlar və risklər əlavə oluna bilər.
İstanbulda keçiriləcək bu görüş təkcə müharibənin gələcək taleyini deyil, həm də Qara dəniz regionunda və daha geniş anlamda Avrasiya məkanında qüvvələr nisbətinin necə formalaşacağını müəyyən edə bilər. ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı 50 gün içində razılaşma əldə olunmazsa əlavə sanksiyalar tətbiq ediləcəyini deməsi, qarşıdakı həftələrin daha gərgin keçəcəyini göstərir.
Bu baxımdan, Azərbaycan diplomatiyası münaqişənin sülh yolu ilə həllini dəstəkləməklə yanaşı, müharibənin regionda yaratdığı risklərə qarşı strateji dayanıqlılığını qorumağa davam etməlidir. Qlobal güclər arasında toqquşma zonasında yerləşən Azərbaycan üçün neytrallıq təkcə mövqe yox, həm də uzunmüddətli sabitlik strategiyasıdır.
Ruslan Zəngəzur