Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) Belçika Nümayəndələr Palatasının iyulun 17-də Azərbaycana qarşı qəbul etdiyi birtərəfli və qərəzli qətnaməni qətiyyətlə rədd edib və etiraz bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı EAPCA-nın bəyanatında qeyd edilib.
Bəyanatda vurğulanıb ki, sözügedən qətnamə beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinə zidd olmaqla yanaşı, Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq səylərinə ciddi zərbə vurur:
"Təəssüflə qeyd edirik ki, qətnamədə reallıqlara əsaslanmayan, birtərəfli və manipulyativ məlumatlara istinad edilərək Azərbaycan Respublikasının legitim və beynəlxalq hüquqa uyğun mövqeyi təhrif olunur. Bu cür yanaşma, regionda davamlı sülhün bərqərar olması üçün atılan konstruktiv addımlara xələl gətirir və birtərəfli siyasi mövqe nümayiş etdirir. Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası olaraq Belçika parlamentinin məsuliyyətli və obyektiv davranmağa, Cənubi Qafqazda sülh və əməkdaşlığın təşviqinə töhfə verməyə çağırırıq", - EAPCA-nın bəyanatında qeyd olunub.
Sənəddə həmçinin bildirilib ki, təşkilat Azərbaycan dövlətinin regionda sülhün və sabitliyin təmin olunmasına yönəlmiş səylərini tam dəstəkləyir:
"Həmçinin beynəlxalq ictimaiyyəti bu istiqamətdə balanslı mövqe sərgiləməyə çağırırıq. Avro-Atlantik məkanda fəaliyyət göstərən diaspor təşkilatı olaraq, biz Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını beynəlxalq platformalarda müdafiə etməyə davam edəcəyik".