• Bakı 27° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

"Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib - FOTOLAR

CƏMİYYƏT

10 Iyul 2025 | 19:17

Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib - FOTOLAR

Bakı Kitab Mərkəzində “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib.

 "Füyuzat"ın məlumatına görə, təqdimatda yazarlar, naşirlər, rəsmi şəxslər, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Toplu MİMTA Fondunun layihəsi əsasında British Petroleum (bp) şirkətinin dəstəyi ilə MİMTA Yayımlarında nəşr olunub.

Tədbiri giriş sözü ilə açan bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bp şirkəti müxtəlif sahələrə – təhsil, yerli icmaların inkişafı, ətraf mühitin qorunması, xalqın zəngin mədəni irsi və tarixinin tədqiqi və təbliğinə öz töhfələrini verməyə davam edir. Belə qiymətli töhfələrdən biri də məhz “Dirilik” jurnalının transliterasiyasıdır. Natiq MİMTA Fonduna layihəni uğurla başa çatdırdığı üçün təşəkkür edərək bildirib ki, Azərbaycan milli mətbuatının 150 illiyinə hədiyyə olaraq bp-nin dəstək verdiyi bu nəşr milli mətbuatın tarixi və müasir ənənələrinə, cəmiyyətdə zəngin məfkurənin formalaşmasındakı və xalqın mənəvi inkişafındakı roluna verdiyi yüksək dəyərin ifadəsidir.

Daha sonra layihənin müəllifi, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxış edərək bildirib:

“Fondumuzun əsas qayələrindən biri irsimizi bərpa və təbliğ etməkdən ibarətdir. Bu il 20 illiyi tamam olan MİMTA Fondu fəalliyyət göstərdiyi bu müddət ərzində bir çox layihələrə imza atıb. Bunlardan biri də mətbuat irsimizin bərpası və transliterasiya sahəsində görülən işlərdir. Fondumuzun transliterasiya işində böyük təcrübəsi var. Daha öncə Azərbaycanda ilk qadın mətbuatı olmuş “İşıq” qəzetinin saylarını da transliterasiya edərək toplu şəklində yayımlamışdıq. Həmçinin MİMTA Fondu ictimai fikir tariximizdə mühüm yeri olan “Füyuzat” jurnalını və “İşıq” qəzetini də dərgi formatında ilk nəşrindən 100 il sonra bərpa edib. “Dirilik” məcmuəsinin transliterasiyası ilə bağlı tədqiqatı öz imkanlarımız hesabına aparmışıq və gərgin fəaliyyət nəticəsində bu toplunu hazırlamışıq. Bundan sonra da bənzər istiqamətdə layihələrimiz olacaq. bp şirkətinə toplunun çapına verdiyi dəstəyə görə təşəkkür edirəm”.

Daha sonra çıxış edənlər – Mətbuat Şurasının sədri Rəşad Məcid, akademik Nizami Cəfərov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, millət vəkili Ceyhun Məmmədov, Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir və başqaları “Dirilik” jurnalının Azərbaycanda milli məfkurənin formalaşmasındakı rolundan danışıb, transliterasiya toplusunu yüksək qiymətləndirərək milli mətbuatın 150 illiyinə qiymətli töhfə olduğunu bildiriblər.

Qeyd edək ki, toplu XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və ədəbi həyatında mühüm rol oynamış mətbuat orqanlarından “Dirilik” jurnalının transliterasiya olunmuş saylarını əhatə edir. 1914–1916-cı illərdə nəşr olunan, ümumilikdə 28 sayı işıq üzü görmüş jurnal Azərbaycanda milli kimlik və maarifçilik ideyalarının daşıyıcısı kimi fəaliyyət göstərib. “Dirilik” məcmuəsi dövrün aparıcı fikir tribunalarından biri olmaqla yanaşı, həmçinin Azərbaycan xalqının milli özünüdərk prosesinə nəzəri və ideoloji əsaslar bəxş edib.“Dirilik” məcmuəsinin transliterasiya toplusunun rəyçisi və ön sözün müəllifi Mətbuat Şurasının sədri Rəşad Məcid, akademik məsləhətçisi isə f.e.d., professor Nizami Cəfərov, redaktoru Əsəd Aslanoğludur. Transliterasiya toplusu MİMTA Fondunun tərcümə və nəşriyyat şöbəsinin əməkdaşları – Muxtar Cəfərli, Vüqar Mirzə və Əsəd Aslanoğlu tərəfindən transliterasiya edilib.

Toplu XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi mühiti, milli fikrin təşəkkül dövrünü araşdıran tədqiqatçılar, ümumilikdə ötən əsrin ilkin onilliklərinə aid mətbuat və ədəbiyyat tarixi ilə maraqlananlar üçün qiymətli mənbədir.


SON XƏBƏRLƏR

10 Iyul 2025