2025-ci ilin iyulun 8-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 186,6 ton yaş barama təhvil verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunub ki, hər il olduğu kimi, bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 32,282 ton yaş barama təhvil veriblər.
Eyni zamanda Zaqatalada 19,147 ton, Balakəndə 17,514 ton, Ağcabədidə 17,141 ton yaş barama tədarük olunub. Şəki (8,628 ton), Qax (8,029 ton), Bərdə (7,343 ton), Füzuli (7,254 ton), Tərtər (6,540 ton), Ağdaş (5,695 ton), Lənkəran (5,426 ton) və Sabirabadda (5,177 ton) yaş barama istehsalı 5 tondan çox olub.
Mütəxəssislərin sözlərinə görə, ümumilikdə barama istehsalında azalma qeydə alınıb.
Mövzu ilə bağlı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu il barama istehsalının azalacağı ilin əvvəlindən bəlli idi. Çünki əvvəlki illərdən fərqli olaraq, bu il kümçülərə xeyli az sayda ipəkqurdu toxumu paylanmışdı:
"Azərbaycan ən çox barama istehsalına 1991-ci ildə nail olub. Həmin il 5 924 ton yaş barama istehsal edilib. 1993-cü ildən sonra isə ölkədə barama istehsalı kəskin şəkildə azalmağa başladı. Belə ki, regionlarda mövcud olan barama qəbulu və emalı məntəqələri sıradan çıxarıldı və bir çoxu dəyər-dəyməzinə satıldı. Uzun illər boyunca yetişdirilmiş tut ağacları və çəkildən odun kimi istifadə olundu”.
Vahid Məhərrəmli: Proqramın icrasını təmin edə bilməyən dövlət qurumları hesabat verməlidirlər
Müsahibimiz qeyd edib ki, son illər baramaçılığın və ipəkçiliyin inkişafı məqsədilə dövlət büdcəsindən böyük məbləğdə maliyyə vəsaitlərinin ayrılmasına və sahənin inkişaf etdirilməsi ilə bağlı dövlət proqramının qəbul edilməsinə baxmayaraq, son 6 ildə sahədə vəziyyət pisləşib. Onun sözlərinə görə, hətta baramaçılıqda vəziyyətin pisləşməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən ölkə başçısına məruzə edilib:
“Baramaçılıqda vəziyyətin pisləşməsinin səbəbi hökümətin 2017-ci ildə qəbul etdiyi Dövlət Proqramının icra vəziyyətinə nəzarət edə bilməməsidir. Hesab edirəm ki, proqramın icrasını təmin edə bilməyən dövlət qurumları və şəxslər ictimaiyyət qarşısında hesabat verməlidirlər".
Ekspert vurğulayıb ki, barama istehsalının azalması ipək ixracının azalmasına səbəb olub. Belə ki, Azərbaycan 2024-cü ilin yanvar-avqust aylarında 537 min dollar dəyərində 38 ton ipək ixrac edilmişdisə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, fiziki çəkidə isə 17,4% azdır.
Gülşən Şərif