• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Fake news” - saxta xəbərlərlə necə mübarizə aparaq?

CƏMİYYƏT

02 Aprel 2024 | 11:44

“Fake news” - saxta xəbərlərlə necə mübarizə aparaq?

Bəzi sosial şəbəkə səhifələrində hərbi əməliyyatlar, texnika və şəhidlərimiz barədə saxta xəbərlər yayılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxslər müəyyən olunub. Qeyd olunub ki, onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. Məlumatda bildirilib ki, vətəndaşlarımızı reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq:

"Bu hallar qanunvericiliklə məsuliyyətə yaradır".

Tanınmış telejurnalist, professer Qulu Məhərrəmli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, bu məsələ kifayət qədər ciddi və ölkədə informasiya işinə əsaslı təsir edən bir məqamdır.

Professorun sözlərinə görə, sosial şəbəkələrdə dezinformasiyaların yayılması təhlükəlidir:

"Dezinformasiyanı kim, hansı məqsədlə paylaşır? Bunu müəyyənləşdirmədən aydın təsəvvür əldə etmək mümkün deyil. Sosial şəbəkə mürəkkəb bir sistemdir. Oradakı subyektlərin kimliyi çox vaxt şübhəli görünür. Xüsusən, fövqəladə hallarda, hərbi və ciddi prinsipial sosial məsələlərlə bağlı, yaxud digər hadisələrə münasibətlə bağlı çox şübhəli paylaşmalar olur”.

Bəs bunu necə tənzimləməliyik? Müsahibimiz qeyd edib ki, bir çox ölkələrdə, məsələn Almaniya və Fransa kimi ölkələrdə, sosial şəbəkəyə daxil olan şəxs bir sıra etik öhdəliklər götürür. O cümlədən, dezinformasiya, etik qaydalara zidd davranmaq, dövlət quruluşunu dəyişməyə və pornoqrafiyaya çağırışla bağlı öhdəliklər müəyyənləşir:

“Məhz bundan sonra həmin şəxs sosial şəbəkəyə daxil olur. Bizdə isə bu məsələlər həddindən artıq xaotikdir və həlli olunmur. Ona görə də belə böhranlı hallarda yanlış informasiyalar yayılır”.

Azərbaycanda "Tiktok"un bağlanması ilə bağlı müzakirələr gedir. Q.Məhərrəmliyə görə, baxmalıyıq ki, sözügedən platforma mətbuat və söz azadlığına xidmət edir, yoxsa cəmiyyətdə qarışıqlıq yaradır?

“Bunu tərəziyə qoyub ölçürüksə, əgər ziyanlı tərəfi ağır gəlirsə, təbii ki, onu bağlamaq lazımdır".

Qulu Məhərrəmli: Kifayət qədər mürəkkəb məsələ olduğu üçün burada sadəcə bir resept, bir mexanizm kara gəlmir

Həmsöhbətimiz əlavə edib ki, burada önəmli məqamlardan biri odur ki, dezinformasiya yayan ayrıca profillər çox diqqətlə araşdırılsa, məlum olar ki, bu işi görənlər bir-iki adamdır:

"Yaxud da 1-2 mütəşəkkil qruplaşmanın işidir. Onlar öz məqsədlərinə nail olmaq üçün əyri üsullardan istifadə edirlər. Yəni operativ texnologiyaların tətbiqi ilə bunları aydınlaşdırmaq mümkündür. Burada çox ciddi məqamlardan media savadlılığı ilə bağlıdır. Tamaşaçılar, izləyicilər, oxucular yalanı doğrudan, dezinformasiyanı həqiqi xəbərdən necə fərqləndirir? Orta və ali məktəblərdə media savadlılığı ilə bağlı kurslara başlanılmalıdır. İnsanlar doğru, yaxud yanlış xəbəri adi gözlə belə fərqləndirməyi bacarmalıdır. Kifayət qədər mürəkkəb məsələ olduğu üçün burada sadəcə bir resept, bir mexanizm kara gəlmir. Problemin həllinə çoxşaxəli nöqtələrdən yanaşmaq lazımdır".

Aydın Baxış

 


SON XƏBƏRLƏR

26 Iyul 2024