Amerikanın "Google" korporasiyası istifadəçilərə casusluq etmək üçün "Gemini AI"dan (Google-un süni intellektlə işləyən köməkçisi) istifadə etməkdə ittiham edilərək məhkəməyə verilib.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Gemini AI" qeyri-qanuni olaraq Gmail, ani mesajlaşma və video konfrans istifadəçilərinin şəxsi mesajlarını izləmək üçün istifadə olunmaqda ittiham olunur.
İddiaya görə, "Gmail", "Google Chat" və "Google Meet" istifadəçiləri əvvəllər "Gemini AI"ni aktivləşdirə bilsələr də, oktyabr ayında alət bütün bu proqramlar üçün gizli şəkildə aktivləşdirilib. İstifadəçilərin xəbəri və ya razılığı olmadan şəxsi məlumatları toplamağa imkan verib.
İddia noyabrın 11-i axşam Kaliforniya ştatının San Xose şəhərindəki federal məhkəməyə verilib. "Google" Kaliforniyanın 1967-ci ildə qəbul edilmiş Məxfilik Aktını pozmaqda iddia olunur. Bu qanun bütün tərəflərin razılığı olmadan məxfi məlumatların gizli dinlənilməsini və qeydə alınmasını qadağan edir.
Gülşən Şərif
Bakı 



