Son günlər ölkənin müxtəlif ərazilərində hava şəraitinin dəyişməsi, güclü yağıntılar, müxtəlif bölgələrdə şimşək və ildırımlarla müşayiət olunur.
Bakıvaxtı.az xəbər verir ki, ötən həftə Qarabağ və respublikanın qərb rayonlarında ildırım vurması nəticəsində bəzi ərazilərdə yanğın halları baş verib. Nəticədə təsərrüfatlara və əkinlərə zərər dəyib.
Aqrar Sığorta Fondu bildirir ki, ölkəmizdə dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi əkin sahələrini dolu, fırtına, qasırğa, leysan, sel-subasma kimi təbiət hadisələri ilə yanaşı, yanğın, o cümlədən ildırım nəticəsində baş verən yanğın hallarından da sığortalamağa imkan verir.
Dövlətin sığorta haqqı üçün tətbiq etdiyi 50%-lik dəstək sayəsində fermerlər öz əkin sahələrini olduqca sərfəli şərtlərlə sığortalaya bilərlər. Fermerə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlərdən əkin sahəsini sığorta etmək üçün cüzi ödəniş tələb olunur.
Belə ki, ölkənin əksər ərazilərində 1000 manatlıq məhsulu olan 1 hektarlıq taxıl sahəsinin illik sığortalanması fermerə 6,5-11 manat məbləğində başa gəlir.
Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin yaratdığı bu sərfəli imkandan istifadə etməyə, əkin sahələrini vaxtında sığortalamağa çağırır.
Fermerlər sığorta haqlarının məbləği və şərtləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində (asf.gov.az) tanış ola bilərlər.
Bakı 



