Bakıda fəaliyyət göstərən bir sıra taksi şirkətlərində qiymətlərin bahalaşması müşahidə olunur. Məlumata görə, “Yango” taksi xidmətində qiymətlər 40-50 faiz arası bahalaşıb. Analoji vəziyyətin “Bolt” platformasında da müşahidə olunduğu bildirilir.
Bu qiymət artımı ənənəvi olaraq öyrəşdiyimiz əlverişsiz hava şəraiti, günün pik saatları və yaxud yollardakı qəfil sıxlıq faktorları ilə bağlı deyil, birbaşa baza tariflərinin qaldırılmasından irəli gəlir. Məsələ ondadır ki, taksi xidməti göstərən şəxslər isə qiymətlərin aşağı olmasından və şirkətlərin onlardan daha çox faiz tutmasından şikayətlənirlər. Yəni həm sürücülər, həm də taksidən istifadə edən vətəndaşlarımız vəziyyətdən narazıdır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, taksi xidmətləri özəl sektor tərəfindən təklif olunur. Onun sözlərinə görə, dövlət tərəfindən taksi xidmətləri ilə bağlı tələblər müəyyənləşdirilib:
“Həmin tələblərə uyğun olaraq taksi xidmətlərinin fəaliyyət göstərməsinə profil dövlət qurumları nəzarət edir. Amma təbii ki, digər özəl sferada olduğu kimi taksi xidmətləri üzrə tariflər, o cümlədən qiymətlər də məhz sərbəst şəkildə özəl taksi xidmətəri və ya sürücülər tərəfindən müəyyənləşdirilir”.

Vüqar Bayramov: Dövlət qurumu tərəfindən bu istiqamətdə monitorinqlərin təşkilinə ehtiyac var
Dediyinə görə, bütün bunlarla yanaşı, nəzərə alaq ki, Azərbaycanda süni, yəni əsassız qiymət artımlarına qarşı mübarizə qanunvericiliklə təsbit olunub. Müsahibimiz bildirib ki, əgər hər hansı artım baş vermədən taksi xidmətlərində qiymət bahalaşması olursa, bunun müvafiq dövlət qurumu tərəfindən monitorinqinə ehtiyac var.
V.Bayramov vurğulayıb ki, yanacağın qiymətində və digər tariflərdə heç bir dəyişiklik, artım yoxdur. Onin sözlərinə görə, buna rəğmən, taksi xidmətlərində qiymətlər artırsa, bu, iqtisadi baxımdan əsaslandırıla bilməz.
“Ona görə də İqtisadiyat Nazirliyi, eləcə də bu xidmətə nəzarət edən profil dövlət qurumu tərəfindən bu istiqamətdə monitorinqlərin təşkilinə ehtiyac var ki, süni şəkildə taksi xidmətlərində qiymətlərin artmasını müşahidə etməyək”, - deyə Vüqar Bayvamov əlavə edib.
Aydın Baxış
Bakı 



