• Bakı 24° C

    11.35 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Nazirlikdən kuryerliyə: Sosial nərdivanın qəribəlikləri

CƏMİYYƏT

12 Iyun 2026 | 11:45

Nazirlikdən kuryerliyə: Sosial nərdivanın qəribəlikləri

Son günlər bütün sosial şəbəkələrdə geniş şəkildə paylaşılan bir video diqqətimi çəkdi.  Videoda Qığızstan Parlamentinin sabiq deputatı və 2018-ci ildən Qırğızıstanın əmək və sosial inkişaf naziri Uluqbek Koçkorovun hal-hazırda Amerikada "Amazon" şirkətində kuryer işləməsindən bəhs edilir.

Çox nadir bir hadisə və anlaşılmaz təzad: sabiq nazir vəzifəsi və kuryerlik...

Burda nazir olmağın yaxşı və ya kuryerliyin pis peşə olmasından söz getmir. Əgər bir insan işinə məsuliyyətli yanaşarsa, o peşə şərəfli peşədir və insanın başını uca edər. Amma burada söhbət ölkə miqyasında ən yüksək vəzifə sahibi olan bir insanın birdən birə cəmiyyətin barmaq arası baxdığı bir işlə məşğul olmasından gedir. Çox yüksək vəzifəli bir şəxsin işdən uzaqlaşdırıldığında gedib kuryer işləməsi görünməyən bir şeydir. Adətən belə hallarda vəzifə sahibi olan insan həyatını infarktla və ya insultla yekunlaşdırır, ya əldə etdiyi bir miqdar vəsaitlə bir işlər görməyə çalışır, ya da ən son halda kölgələrə çəkilib həyatın vurduğu yaraları sağaltmağa çalışır.

Maraqlı burasıdır ki, bu hadisə ilə əlaqəli yazılarda sadəcə bu haqda texniki və qısa məlumat verilir. Bəlkə də bunun arxasında bir insan taleyi və ya xarakteri durur. Bu videodan sadəcə heyrətlənib keçə bilmədim. Ortada olan mövzu bir az dərinlərdə idi və məni çox düşündürdü...

Özümüzü düşündüm və öz mentalitetimizə bir az işıq salmağa çalışdım. Burda söhbət nə sabiq nazirdən, nə də kuryerlikdən gedir. Əsl mövzu eqo mövzusudur. Həyat sürprizlərlə doludur. İnsanın həyatı bir göz qırpımında dəyişə bilər. Bu gün güclü olan bir insan, özünün də inanmamağına və heç cürə qəbul etməməyinə baxmayaraq bir anda düşə bilər. Və düşdükdən sonra onun qalxması insanın eqosunun dərəcəsindən və o eqosuna qalib gələ bilməsindən asılıdır. İnsanın eqosu həmişə onun yanındadır. Düşdüyü ana qədər də, ondan sonra da insan o eqonu içində daşıyır. Nə yazıq ki, onunla baş etmək olduqca çətindir və çox zaman biz qürurumuzu yox, qürur bizi idarə edir.

Bu arada, sabiq nazir Koçkorova baxdığımızda onu qeyd edim ki, Orta Asiya insanının mentaliteti çox fərqlidir. Onların beyni bizimki kimi işləmir. Biz də türk soyundanıq, onlar da.

Amma onların düşüncə tərzi daha çox Çin və ya Yapon fəlsəfəsinə dayanır. Biz isə türk olsaq da, daha çox çılğın qafqaz xarakterini mənimsəmişik. Nədənsə əsrlərlə yaşadığımız coğrafiyada qürur məsələsi çox həssas olub. Bu gün də heç nə dəyişməyib. Başqa bir coğrafiyada hər hansı bir anlaşılmazlıq zəminində yaranan mübahisədə iki insan bir-birini başa düşürsə, bağışlayırsa və sonra hər biri öz yoluna davam edə bilirsə, bizim coğrafiyada adi bir söz bəzən bıçaqlanma və ölümlə nəticələnir. Bu ən çox da gənclərimizin qürur konsepsiyasını yanlış başa düşmələrindən irəli gəlir. Əfsuslar olsun ki, bizim eqomuz, yəni qürur şkalamız həddindən artıq yüksəklərdədir. Qürur bizim cəmiyyətin xərçəng xəstəliyidir. Əslində eqo bir mənəvi eybəcərlikdir. Hər bir insan öz eqosuna sahib çıxarsa, cəmiyyətdə münasibətlər bir o qədər gözəl olar.

Çin fəlsəfəsinə görə qüruru güclü olan insan əslində ən zəif insandır. O insan özünü nə qədər "güclü" göstərməyə çalışsa da, eqosunun əlində acizdir. Öz eqosuna qalib gələn insanı isə Allah ən güclü insana çevirə bilər. İnsanlıq tarixi belə faktlarla doludur.

Sözügedən video məni çox düşündürdü. İnsan gərək həyatda hər imtahana hazır olsun.

Keçmişdə nazir olmuş bir adam öz “həyat hekayəsini” korlamamaq naminə psixoloji səviyyəsindən aşağı enmək istəməz. Eyni zamanda sosial nərdivanından və tutduğu sosial mövqeyindən də aşağıya enmək istəməz. Şərtlər nə olur olsun, cəmiyyətin gözündə həmişə “nazir” qalmaq istəyər. Psixologiyada və sosiologiyada “yaxşı iz buraxmaq və xatirələrdə yaxşı qalmaq” effekti çox araşdırılıb. Məşhur müğənnilər də çox zaman səhnəni necə deyərlər tam “vaxtında” tərk edirlər ki, yaddaşlarda yaxşı qalsınlar, cavan qalsınlar, qocalıb əldən düşmüş bir müğənni kimi xatırlanmasınlar. Bizim videonun qəhrəmanı isə sabiq nazir Koçkorov tamamilə fərqli addım atır və kuryer kimi xatırlanmaqdan çəkinmir. Hər hansı keçmiş yüksək dövlət məmuru bu addımı ata bilərmi? Yəqin ki, yox. Asan məsələ deyil.

Xatirimdədir, 90-cı illərdə iqtisadiyyatın çətin bir dövründə işdən çıxmış sevimli müəllimimizin gedib bazarda alverlə məşğul olması böyük heyrət və təəccüb doğurmuşdu. Halbuki insan ən doğru olanı edirdi, ailəsini dolandırmaq üçün ona heç də asan olmayan bir yolu seçmişdi. Biz  toplum olaraq sosial nərdivanın həmişə sabit qalacağını düşünürük və o nərdivanda “geri çəkilmələri” və “aşağı enmələri” qəbul edə bilmirik. Halbuki, halal əmək hər şeydən üstündür.

Əsas meyar status yox, özünün və əməyinin əsl dəyərini bilməkdir. Folklorumuzda əsir düşmüş şahların gedib bir müddət qulluqçu işləyərək və ya öz məsləyindən istifadə edərək işləyib-çalışıb yenidən şahlığını əldə etməyi başaran qəhrəmanların rəvayətləri az deyil. Bu, həyatdır. Heç kimin haqqı-təala ilə müqaviləsi yoxdur, həyatda gözlədiklərimiz və gözləmədiklərimiz şeylər başımıza gələ bilər. Təbii ki, bir nazir sabah kuryer olmasını gözləməz. Amma həyat məhz gözləmədiklərimizlə bizi sınayar. Koçkorova gəlincə isə, bəlli deyil ki, bu adam sabah yenidən haralarda ola bilər. Əsas məsələ həyatın imtahanlarından və sınaqlarından keçməkdir.

Bu gün hansı nazir, ya da hansı nüfuzlu siyasətçi bu videodakı Ulugbek Koçkorov kimi kuryer işləməyə razı olar? Ya da bu gün 700.000 manatlıq  BMW XM avtomobilinə minən və çox böyük nüfuz sahibi olan və sabah sosial nərdivandan yıxıldıqdan, hər şeyini itirdikdən sonra, o "şahanə" maşından düşüb çevrəsindəki güclü insanların gözü önündə 2500 manatlıq köhnə "Jiquli 011" sürə bilən və bundan utanmayan neçə insan tanıyırıq? O bir yana, bu gün insanlar mindikləri maşından sadəcə bir model aşağı olan maşına minməyi özlərinə təhqir sayırlar. Hamı nə deyər? Biz bir çox şeyi özümüzə sığışdırmırıq. Səbəbini soruşanda isə məntiqli bir cavab verməyə çətinlik çəkirik. Əslində isə qürur və eqo bizi elə məhdudlaşdırır ki, əsl insani dəyərlər mentalitetimizə sığmır, yerləşmir. Çünki orası o qədər qadağalarla, tabularla, köhnə fikirlərlə, müasir dövrə uymayan qaydalarla, mənasıni itirmiş davranış normaları ilə, qürurla və konservativliklə doludur ki, qarşılıqlı anlayışa, tolerantlığa, barışa və səbrə çox az yer qalır və bunları sığdıra bilmirik.

İnsanlar fərqlidir, düşüncələr və baxış bucaqları fərqlidir. Amma mən nazirlikdən sonra kuryerlik edən bu insana, Koçkorova zəif yox, güclü bir insan kimi baxıram. Gedib dələduzluq edə bilərdi, insanları aldadıb pullarını əllərindən ala bilərdi və onları hər cür oyuna sürükləyə bilərdi. Bu güclü olmaq deyil. Bu içindəki eqona kölə olmaqdır. Nazir olmuş bir adamdır, gedib 3-5 adamı başına toplaya bilərdi, onları pulla maraqlandırıb və min cürə oyunbaz finans sxemləri ilə insanların malını-pulunu ələ keçirib özünü qurtara bilərdi. Yəni haram bir yol seçə bilərdi.

Ancaq adam bu yolu seçib - çalışmaq yolunu. Bəli əziyyətli yoldur. Amma halal yoldur və halal olsun belə bir insana! Kim bilir, ola bilər ki, bu onun bu gün keçəcəyi qısa bir dönəmdir. Sabahkı gün ona nə gətirəcək, onu bir ALLAH bilir. Amma nazir vəzifəsindən sonra kuryer olmağı qəbul etmək üçün nə qədər güclü olmaq lazımdır, onu qavramaq doğurdan da asan deyil. Çox çətin məsələdir. Yaxşı baxsaq, ətrafımız belə insanlarla və buna bənzər hekayələrlə doludur. Təbii ki, belə hallarda ən asan yol qınamaq, baş bulamaq və "nə gündəsən?" deyib adamı utandırmaqdır. Adam iç dünyasında nələr yaşayır, o uçmuş dünyada nələr baş verir – bunu kənardan anlamaq çox müşkül məsələdir.

Bir vaxt Şəmsəddin adlı bir insanı qul kimi alıb satırdılar. Ətrafdakılara qul kimi görünsə də, o öz dəyərini bilirdi. Hətta o qədər çirkin idi ki, heç bir karvan sahibi onu almaq istəmirdi. Amma sonra adam gəldi Dövlət qurdu və Şəmsəddin Eldəgəz olaraq adını tarixə yazdırdı. Çünki o da egosuna galib gəlmişdi. O qul kimi xatırlanmaqdan çəkinsəydi, hökmdar səviyyəsinə qədər yüksələ bilməzdi. Budur məsələ...

P.S: Əlbəttə bu yazıda adı keçən insanlar əsla müqayisə oluna bilməz. Onların taleləri fərqli, imtahanları fərqli, düşdükləri situasiyalar fərqli və tarixdə tutduqları mövqelər tamamilə fərqlidir.

Amma onları birləşdirən ortaq bir şey var. O da odur ki, ən yüksəkdən ən aşağıya düşən bir insan, eqosuna qalib gələrək və durmadan çalışaraq yenə o ucalığa yüksələ bilər.

Elçin Orucov

Sosioloq

Bakıvaxtı.az üçün


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyun 2026