ABŞ ilə İran arasında son günlər baş verən hadisələr göstərir ki, tərəflər artıq təkcə siyasi və diplomatik təzyiq vasitələri ilə deyil, birbaşa hərbi güc nümayişi ilə də qarşı-qarşıyadırlar. Hadisələrin dönüş nöqtəsi kimi ABŞ-yə məxsus Apache helikopterinin Hörmüz boğazı yaxınlığında vurulması göstərilir.
Vaşinqton bunu İranın təxribatı kimi qiymətləndirərək İranın radar, hava hücumundan müdafiə və komanda-idarəetmə obyektlərinə yeni zərbələr endirib.
Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, Tehran əvvəlki dövrlərdən fərqli olaraq cavabını yalnız öz ərazisində və ya Hörmüz akvatoriyasında vermədi. İran ABŞ-ın İordaniya, Bəhreyn və Küveytdə yerləşən hərbi infrastrukturunu hədəfə aldığını açıqladı. Bu isə münaqişənin coğrafiyasını genişləndirərək Körfəzin təhlükəsizlik sistemini birbaşa risk altına salır. İranın məqsədi ABŞ-a göstərməkdir ki, müharibə yalnız İran ərazisində aparılmayacaq və Vaşinqtonun regiondakı bütün hərbi mövcudluğu potensial hədəf hesab olunur.
Ən çox müzakirə olunan məsələlərdən biri isə İordaniyanın Əl-Əzraq bazası ilə bağlı iddialardır. İran tərəfi burada F-35 təyyarələrinin yerləşdiyi hangarlara zərbələr endirdiyini və ciddi ziyan vurduğunu bildirir. İordaniya və Qərb mənbələri isə raketlərin əksəriyyətinin havada məhv edildiyini, ciddi dağıntının qeydə alınmadığını açıqlayırlar. Hələlik bu məlumatın müstəqil təsdiqi yoxdur. Lakin təkcə belə bir iddianın ortaya atılması belə İranın informasiya müharibəsində strateji məqsəd daşıdığını göstərir. Tehran həm öz ictimaiyyətinə, həm də region ölkələrinə ABŞ-ın ən müasir hərbi sistemlərinin belə toxunulmaz olmadığını nümayiş etdirməyə çalışır.
Mövcud vəziyyətə baxdıqda görünür ki, tərəflər paradoksal şəkildə həm döyüşür, həm də danışıqlar aparırlar. Donald Tramp bir tərəfdən yeni zərbələrlə hədələyir, digər tərəfdən isə İranla razılaşmanın yaxın olduğunu bəyan edir. İran isə hərbi cavablarını davam etdirməklə yanaşı, vasitəçilər üzərindən danışıqlardan tam imtina etməyib. Bu, klassik “təzyiq altında diplomatiya” modelini xatırladır: tərəflər masada daha güclü mövqe əldə etmək üçün meydanda güc nümayiş etdirirlər.
Hazırda əsas təhlükə ondan ibarətdir ki, qarşıdurma artıq ABŞ və İran arasındakı ikitərəfli böhrandan çıxaraq regional müharibə elementləri qazanır. İordaniya, Bəhreyn və Küveyt kimi ölkələrin hədəfə çevrilməsi göstərir ki, münaqişə Körfəz təhlükəsizlik sisteminin bütövlüyünü sınağa çəkir. Əgər növbəti mərhələdə insan itkisi çoxalar və ya ABŞ hərbi bazalarından biri ciddi zərər görərsə, Vaşinqtonun daha sərt cavab verməsi ehtimalı yüksələcək. Bu halda hadisələr nəzarətli eskalasiyadan çıxaraq daha genişmiqyaslı hərbi qarşıdurmaya çevrilə bilər.
Bununla belə, neft bazarlarında son günlər müşahidə olunan nisbi sakitlik və tərəflərin diplomatik kanalları tam bağlamaması göstərir ki, həm Vaşinqton, həm də Tehran hələlik tammiqyaslı müharibənin nəticələrinin fərqindədir. Ona görə də yaxın dövrdə ən real ssenari genişmiqyaslı işğal və ya quru əməliyyatı deyil, qarşılıqlı zərbələr, məhdud eskalasiya və paralel şəkildə davam edən çətin diplomatik danışıqlar olacaq.
Alim Nəsirov
Bakı 



