• Bakı 23° C

    10.01 m/s

  • USD - 1.7

    EUR - 1.9632

    RUB - 2.3552

Frankfurt hərəkətə keçdi: Avropada kreditlər bahalaşır

İQTİSADİYYAT

12 Iyun 2026 | 15:09

Frankfurt hərəkətə keçdi: Avropada kreditlər bahalaşır

Qlobal maliyyə bazarlarında uzun müddətdir gözlənilən sərtləşmə dalğası rəsmən başladı. Avropa Mərkəzi Bankı (AMB) təxminən üç illik fasilədən sonra inflyasiya təzyiqlərini cilovlamaq məqsədilə faiz dərəcələrini artırmaq barədə strateji qərar qəbul edib.

"Deutsche Welle"nin məlumatına görə, tənzimləyici qurum baza depozit dərəcəsini 0,25 faiz bəndi artıraraq 2,25 faizə çatdırıb. Bu, 2023-cü ilin sentyabr ayından bəri bankın ilk artım qərarı olmaqla yanaşı, Avrozonada pul-kredit siyasətinin yeni bir mərhələyə qədəm qoyduğundan xəbər verir.

Xatırladaq ki, AMB son 7 iclasda faiz dərəcəsini dəyişməz saxlasa da, Yaxın Şərqdə kəskinləşən geosiyasi risklər və enerji daşıyıcılarının bahalaşması Frankfurt rəhbərliyini hərəkətə keçməyə məcbur edib. Bəs Avropanın bu kəskin gedişindən sonra qlobal iqtisadiyyat üçün hansı proqnozlar ön plana çıxır və yeni faiz artımı real sektor üçün hansı ciddi riskləri formalaşdırır?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələri ilə bağlı növbəti qərarı qlobal maliyyə bazarları tərəfindən gözlənilən və artıq əvvəlcədən proqnozlaşdırılaraq qiymətləndirilən bir addımdır. Bu qərarın qəbul edilməsini şərtləndirən əsas amil hazırkı qlobal iqtisadi konyunkturadır.

Dediyinə görə, mövcud vəziyyət birbaşa olaraq Yaxın Şərqdə alovlanan ABŞ-İran-İsrail konflikti fonunda formalaşıb. Regiondakı gərginlik qlobal tədarük və təchizat zəncirində ciddi fasilələrin yaranmasına, nəqliyyat və enerji xərclərinin kəskin artmasına səbəb olub. Bu isə öz növbəsində qlobal iqtisadiyyat üçün ciddi inflyasiya riskləri ortaya çıxarıb.

Rəşad Həsənov: Avrozona iqtisadiyyatının böyümə tempinin aşağı düşməsi qaçılmaz olacaq

Ekspertin sözlərinə görə, yaranmış mürəkkəb geosiyasi şəraitdə Avropa Mərkəzi Bankı "pisin içindən ən yaxşısını" seçim etmək məcburiyyətində qalıb. Çətin xarici şərtlər daxilində tənzimləyici qurumun qəbul edəcəyi qərar bir neçə mühüm zəncirvari nəticə doğuracaq. İlk növbədə, Mərkəzi Bank bazara axan pul kütləsinin müəyyən bir qismini məhdudlaşdırmaqda maraqlıdır. Bununla da artan inflyasiya risklərini neytrallaşdırmaq hədəflənir. Faiz dərəcələri yüksəldilməklə həm bazarda kredit faizlərinin bahalaşması, həm də kreditorların öz vəsaitlərini daha yüksək gəlirliliklə AMB-də yerləşdirməyə üstünlük verməsi təmin olunacaq. Bu mexanizm məcmü tələbi qismən məhdudlaşdıracaq və dolayısıyla inflyasiya təzyiqini azaldacaq:

"Ümumilikdə, AMB-nin bu sərt pul-kredit siyasətinin dörd əsas nəticəsi olacaq. Birincisi, bazar subyektləri üçün borclanma və kredit faizləri yüksələcək. İkincisi, bahalı şərtlər səbəbindən real sektorda kreditləşmə meyilləri zəifləyəcək. Üçüncüsü, valyuta bazarında avronun məzənnəsində müəyyən dövr üzrə möhkəmlənmə meyilləri ortaya çıxacaq. Dördüncüsü isə Avrozona iqtisadiyyatının böyümə tempinin aşağı düşməsi qaçılmaz olacaq".

R.Həsənov qeyd edib ki, Avropa Mərkəzi Bankı bu kəskin qərarla regionun iqtisadi böyümə maraqlarını inflyasiyanın hədəflənən çərçivədə saxlanılması strategiyasına qurban verir. Təbii ki, bu prosesin nə qədər davam edəcəyi birbaşa olaraq mövcud geosiyasi böhranın müddətindən asılı olacaq. Lakin indiki şərtlər daxilində Avropa iqtisadiyyatı üçün reallıq bundan ibarətdir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR