İranın ABŞ iıə mümkün danışıqları ərəfəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbərliyi ilə təmasları intensivləşdirməsi regionda yeni diplomatik mərhələnin başlaya biləcəyi barədə siqnallar verir. Rəsmi Tehranın nüvə proqramı ilə bağlı şəffaflıq mesajları verməsi və beynəlxalq nəzarət mexanizmlərinə açıq olduğunu nümayiş etdirməsi Vaşinqtonla münasibətlərdə gərginliyi azaltmağa yönəlmiş addım kimi qiymətləndirilir.
Lakin bu proses təkcə iki ölkə arasındakı münasibətlərlə məhdudlaşmır - söhbət Yaxın Şərqdə formalaşan güc balansından, İsrail amilindən, Körfəz ölkələrinin mövqeyindən və regional təhlükəsizlik arxitekturasının gələcəyindən gedir.
Belə bir mərhələdə İran-ABŞ danışıqlarının bərpası regionda sabitliyi möhkəmləndirəcək, yoxsa yeni siyasi və hərbi gərginlik dalğasına səbəb olacaq?
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, İranın son açıqlamalarından aydın olur ki, rəsmi Tehran MAQATE ilə əməkdaşlığı bərpa etməyə hazırdır. Yəni nüvə yoxlamaları ilə bağlı agentliyin nümayəndə heyətinin yenidən ölkə ərazisində fəaliyyət göstərməsinə razılıq verilə bilər. Bu barədə İran prezidenti Məsud Pezeşkianın da açıqlamaları olub. Burada əsas məsələ İrana qarşı gözlənilən yeni hücum ehtimalıdır:
"Mövcud hakimiyyət, xüsusilə prezident Pezeşkianın komandası mümkün hücumun qarşısını almaq üçün MAQATE ilə əməkdaşlığı yenidən aktivləşdirə bilər. Bu halda Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri İranda yoxlamalar aparacaqlar. Bu addım həm ABŞ və İsrail ilə mümkün qarşıdurma ərəfəsində prosesə təsir etmək, həm də İranın mövqeyini gücləndirmək məqsədi daşıyır".
.jpg)
Zeynal Əmrəliyev: MAQATE ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir
Politoloqun sözlərinə görə, Pezeşkian komandası hər vəchlə gözlənilən hücumun qarşısını almağa çalışır. Çünki 2025-ci ildə baş verən 12 günlük müharibə zamanı İranın infrastrukturuna ciddi zərbə dəyib və bu, ölkə daxilində də mühüm siyasi nəticələrə səbəb olub. Hazırda İran daxilində prezident komandası ilə sərt xətti təmsil edən düşərgə, xüsusilə Ali dini rəhbərə yaxın çevrələr arasında siyasi mübarizə gedir. Başqa sözlə, SEPAH-la Prezident arasında ciddi siyasi qarşıdurma mövcuddur:
"ABŞ və İsrailin mümkün yeni hücumu Pezeşkianın mövqelərini zəiflədə bilər. Buna görə də o, daxildə siyasi balansı qorumaq üçün maksimum şəkildə çalışır ki, belə bir hücum baş verməsin.
Bu kontekstdə MAQATE ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. İran tərəfi agentliklə əməkdaşlıq etməklə zənginləşdirilmiş uranın dinc məqsədlərə xidmət etdiyini göstərməyə çalışır. Rəsmi Tehran atom silahı və ya nüvə bombası hazırlamaq niyyətində olmadığını vurğulayır".
Müsahibimiz bildirir ki, böyük ehtimalla, danışıqlar ərəfəsində MAQATE nümayəndələri uzun fasilədən sonra yenidən İrana səfər edəcək və yoxlamalara başlayacaqlar. Bundan sonra isə danışıqlar prosesi davam etdirilə bilər. Bu isə rəsmi Tehranın Vaşinqton qarşısında mövqeyini müəyyən qədər gücləndirən amil kimi qiymətləndirilə bilər.
Zeynəb Rzayeva
Bakı 




