• Bakı C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Paşinyan KTMT-yə meydan oxuyur?

SİYASƏT

24 Noyabr 2022 | 16:55

Paşinyan KTMT-yə meydan oxuyur?

Xəbər verdiyimiz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.

Bakıvaxtı.az xatırladır ki, Paşinyan KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında" layihəsinin yetərincə işlənmədiyini iddia deyərək, bu formada bu sənədləri imzalamağa hazır olmadığını qeyd edib.  Onun iddiasına görə, mətndə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə aydın siyasi qiymət verilmir və bu, KTMT-nin müttəfiqlik öhdəliklərindən imtina etməsi və Azərbaycan tərəfindən Ermənistana "təcavüz" üçün yaşıl işıq kimi şərh edilməsi anlamına gələ bilər.

Paşinyan bu addımı ilə KTMT-yə meydan oxuyur?

 Politoloq Züriyə Qarayeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistan Vətən müharibəsi başladığı gündən Azərbaycanla yanaşı, həm də Rusiyaya və bütünlükdə KTMT-yə qarşı bir növ cəbhə almağa başlamışdı: “Çünki Ermənistanla Rusiya arasında 1997-ci ildə imzalanmış hərbi əməkdaşlığa dair müqaviləyə əsasən, həmin ildən Ermənistan KTMT-nin üzvü olub. KTMT-nin müvafiq nizamnaməsinə görə də istənilən üzv dövlətin ərazi bütövlüyünə təhdid olduğu təqdirdə KTMT-nin ordusu həmin dövlətin yanında olub müharibəyə qatılmalı, yəni həmin dövləti müdafiə etməlidir. Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Ermənistanın bu iddiasına qarşı fikrini ortaya qoyaraq, bildirmişdi ki, Qarabağ müharibəsi heç də Ermənistanın ərazisində baş vermir. Ona görə də, KTMT bu müharibədə iştirakçı ola bilməz. Bu məlum bəyanatdan sonra Ermənistan tərəfi artıq açıq şəkildə KTMT-yə qarşı cəbhə almağa başladı. Baxmayaraq ki, hazırkı hakimiyyət, yəni Paşinyan administrasiyası 2018-ci ildə qurulandan bu yana bir növ Rusiyanın orbitindən kənarlaşma siyasəti yürütməyə başlayıb, lakin sanki müharibədəki bu fakt Ermənistanın daha açıq şəkildə bu siyasəti yürütməsinə rəvac verdi. Həm də Paşinyan bir növ daxili auditoriyadan da dəstək almaq üçün bu kartdan istifadə etməyə başladı ki, baxın, biz müharibədə Rusiya və KTMT-nin dəstəyini ala bilmədik”.

Onun sözlərinə görə, müharibədən sonra Ermənistan daimi olaraq təxribatlar törətməyə və Azərbaycanı günahlandıraraq Rusiyanın Ermənistanın yanında dayanmadığını iddia etməyə başladı. KTMT-yə qarşı cəbhə almasını bir çox faktlarla nümayiş etdirdi: “Bu barədə Paşinyanın məlum çıxışları var. İstər Paşinyanın parlamentdə olan çıxışı, istərsə də digər platformalarda açıq ifadə etdiyi fikirləri var. Digər tərəfdən, Ermənistan ratasiya qaydasında KTMT-nin sədr ölkəsi olmasına baxmayaraq, hərbi təlimlərdən imtina etdi. Eyni zamanda, bir müddət əvvəl keçirilən keçirilən Şanxay əməkdaşlıq təşkilatının zirvə toplantısında Ermənistan tərəfi iştirak etməkdən imtina etdi”.

Politoloq qeyd edib ki, Ermənistan KTMT-yə qarşı mövqeyini müxtəlif addımlarla ifadə edib: “Bu dəfə də KTMT-nin İrəvanda keçirilən zirvə toplantısında Paşinyan çox yaxşı bilirdi ki, Azərbaycan əleyhinə irəli sürülən hər hansı bir arqument təşkilat tərəfindən qəbul olunmayacaq. Birincisi, ona görə qəbul olunmayacaq ki, bu məsələ, birmənalı şəkildə, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhdiddir. Bu da Azərbayacn tərəfinin, xüsusən də cənab prezidentin ortaya qoyduğu qətiyyətli mövqeyə ziddir. Azərbaycanın maraqlarının nəzərə alınmamasıdır ki, Rusiya tərəfi buna getmək istəmir. Ortada Türkiyə, Türkiyə ilə Rusiyanın maraqlarının uzlaşdırılması amili var. Digər tərəfdən də, əlbəttə ki, Paşinyanın məlum ritorikası, beynəlxalq müşahidəçiləri bölgəyə yerləşdirməklə bağlı addımları bu məsələdə rol oynamış oldu. İrəvan zirvəsində Paşinyanın arqumentlərinin qəbul olunmasının bir önəmli səbəbi də var: KTMT-nın digər üzv dövlətləri Azərbaycanla olduqca geniş diplomatik, dostluq əlaqələrinə malik olan dövlətlərdir. Sövbət Qazaxıstan, Qırğızıstan, Belarusdan gedir. Ona görə də, bütün bu şərtləri nəzərə alsaq, mən hesab edirəm, Paşinyan elə zirvədən öncə bu arqumentləri irəli sürəndə yaxşı bilirdi ki, təşkilat tərəfindən qəbul olunmayacaq”.

Z.Qarayeva vurğulayıb ki, ona görə də, Paşinyanın bildiyi halda bu arqumentləri irəli sürməsində məqsəd bir daha daxili auditoriyanı inandırmaqdır ki, baxın, Rusiya yenə Azərbaycanın yanındadır, Ermənistanın yanında dayanıb tələblərini yerinə yetirmədi: “Deməli, KTMT Ermənistana lazım deyil, KTMT Ermənistanın yanında dayanmır, maraqlarını təmin etmir. Ona görə də, bu arqumentlərin qəbul olunmaması öncədən gözlənilirdi. Bundan sonrası üçün Paşinyanın şəxsində Rusiyaya qarşı siyasi xətt məlumdur. Mən hesab edirəm ki, bundan sonrakı dəyişikliklər artıq daxili qarşıdurmalara, Rusiyaya qarşı açıq şəkildə etirazların yaranmasına gətirib çıxaracaq. Sanki Ermənistanın KTMT üzvlüyündən çıxarılmasının bir növ başlanğıcı olacaq. İstənilən halda, hazırkı şərtləri nəzərə alsaq, Ermənistanın KTMT-dən ayrılma imkanları məhduddur. Ona görə ki, Rusiya coğrafiya baxımdan qərbdən daha yaxında yerləşir. Digər tərəfdən, asılılıq məsələsi var. Burada həm siyasi, iqtisadi, hərbi infrastruktur məsələlərindən söhbət gedir. Bütün bu şərtləri nəzərə alsaq, Ermənistan KTMT-dən ayrılmaqla bağlı müəyyən təşəbbüslər göstərsə də, yaxın perspektivdə belə bir ciddi addımın atılması gözlənilmir”.

Aytac Aslan


SON XƏBƏRLƏR

28 Mart 2024