Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən başlanğıcını Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 137-ci km-dən götürən Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun yenidən qurulmasına başlayıb.
Bakıvaxtı.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, 7 minə yaxın əhalinin istifadə etdiyi Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun uzunluğu 36,3 km-dir. 12 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir, yolların eni 10 metrə qədər genişləndirilir.
Hazırda layihə üzrə yol boyu torpaq işləri, hamarlanma, genişləndirmə işləri görülür. Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək. Layihə çərçivəsində suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi də icra olunacaq.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılmaqla sözügedən yollar müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolunun yenidən qurulması ilə rahat gediş-gəliş təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa əsaslı şəkildə yenidən qurulmuş yollarla əhalinin yetişdirdiyi məhsulların tez və xarab olmadan bazarlara çıxışı təmin olunmaqla kənd təsərrüfatının inkişafına, əlavə turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq. Bu isə marşrut boyu yaşayan əhalinin sosial-rifah halına müsbət təsir etmiş olacaq.