• Bakı 26° C

    8.68 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Region alovlanır: Yaxın Şərqdə müharibənin qaydaları dəyişir

DÜNYA

06 Iyul 2026 | 14:01

Region alovlanır: Yaxın Şərqdə müharibənin qaydaları dəyişir

Yaxın Şərqdə son günlərin mənzərəsi göstərir ki, region klassik “İsrail–Qəzza”, “İsrail–İran” və ya “Livan–İsrail” qarşıdurması çərçivəsindən çıxaraq daha mürəkkəb təhlükəsizlik mərhələsinə daxil olur.

Artıq əsas məsələ yalnız hansı ölkənin hansı əraziyə zərbə endirməsi deyil; enerji yolları, dəniz keçidləri, proksi qüvvələrin davranışı, İran daxilində hakimiyyətin yenidən toparlanması və Livanda silahlı aktorların gələcəyi bir-birinə bağlanmış vəziyyətdədir. Bu baxımdan son vəziyyət Yaxın Şərqdə gərginliyin coğrafi olaraq genişləndiyini, siyasi olaraq isə daha idarəolunmaz xarakter aldığını göstərir.

Ən diqqətçəkən istiqamətlərdən biri Qırmızı dəniz və Bab əl-Məndəb xəttidir. Yəmən sahilləri yaxınlığında ticarət gəmisinə hücum xəbəri bölgədə dəniz təhlükəsizliyi məsələsini yenidən ön plana çıxardı. Hücum hələ konkret olaraq hansı qüvvənin üzərinə götürülməsə də, bu hadisə husilərin və ümumilikdə İranla əlaqəli qüvvələrin Qırmızı dənizdə yaratdığı riskləri yenidən aktuallaşdırdı. Paralel olaraq Yəməndə Hodeyda yaxınlığında hökumət qüvvələrinə qarşı ağır hücumun baş verməsi və azı 16 hərbçinin öldürülməsi göstərir ki, Yəmən cəbhəsi də sakitləşməyib, əksinə, regional gərginliyin yenidən alovlana biləcəyi əsas nöqtələrdən biri olaraq qalır. 

Digər mühüm xətt Livan–İsrail razılaşmasının taleyidir. ABŞ vasitəçiliyi ilə əldə olunan çərçivə razılaşması kağız üzərində Livanın suverenliyinin bərpası, Hizbullahın tərksilahı və İsrail qüvvələrinin geri çəkilməsi kimi təqdim edilir. Lakin problemin əsas düyünü də buradadır: İsrail öz təhlükəsizliyi təmin olunmadan cənubi Livandan tam çıxmaq istəmir, Hizbullah isə tərksilah şərtini “təslimçilik” kimi qiymətləndirir. Bu, razılaşmanı diplomatik uğurdan daha çox potensial böhran sənədinə çevirir. Çünki Livan ordusunun Hizbullahı silahsızlaşdırmaq üçün real gücə və siyasi konsensusa sahib olub-olmaması böyük sualdır. 

İran daxilində isə Xameneinin dəfn mərasimi sadəcə matəm hadisəsi kimi yox, siyasi səfərbərlik aktı kimi görünür. Tehranda böyük izdihamın toplaşması, anti-Amerika və anti-İsrail şüarlarının səsləndirilməsi, eyni zamanda yeni ali rəhbər Müctəba Xameneinin təhlükəsizlik səbəbilə açıq mərasimə qatılmaması İran sisteminin həm güc nümayiş etdirdiyini, həm də ciddi təhlükəsizlik narahatlığı yaşadığını göstərir. Rejim bu mərasim vasitəsilə daxili legitimliyi yenidən möhkəmləndirməyə çalışır, amma varisliyin necə idarə olunacağı və SEPAH-ın qərarvermədə rolunun nə qədər artacağı hələ açıq sual olaraq qalır. 

Bu mənzərədə Hörmüz boğazı ayrıca strateji əhəmiyyət daşıyır. İranın Hörmüz üzərində nəzarəti gücləndirməyə çalışması, Qərb qüvvələrinin alternativ təhlükəsiz marşrutlar üzərində işləməsi və gəmilərin bəzi hallarda daha riskli şimal xəttindən yayınması göstərir ki, Yaxın Şərqdə qarşıdurma artıq enerji arteriyalarına keçir. Hörmüz və Bab əl-Məndəb birlikdə götürüldükdə regiondakı gərginlik yalnız lokal hərbi qarşıdurma deyil, qlobal enerji, logistika və ticarət problemi xarakteri alır. 

Nəticə etibarilə, Yaxın Şərqdə hazırkı mərhələni “gərginliyin davamı” kimi yox, “gərginliyin formasının dəyişməsi” kimi oxumaq daha doğrudur. İsrail çoxcəbhəli təhlükəsizlik siyasətini davam etdirir, İran daxili keçid mərhələsini xarici müqavimət ritorikası ilə örtməyə çalışır, Hizbullah tərksilah təzyiqinə müqavimət göstərir, husilər isə Qırmızı dəniz xəttini yenidən beynəlxalq gündəmə daşıyır. Bu isə o deməkdir ki, regionda müharibə ehtimalı yalnız raket zərbələri ilə ölçülmür; dəniz keçidlərinin bağlanması, Livanda daxili qarşıdurma, İranın siyasi transformasiyası və enerji yollarına təzyiq də yeni savaşın əsas alətlərinə çevrilir.

Züriyə Qarayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026